Məhkəmə qərarları › İş №3(011)-433/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-433/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-433/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin səhə inspektoru Rauf Ağayev, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1-ci Zabrat ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus olan əlçantasını oğurlamış və həmçinin o, qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin səhə inspektoru Rauf Ağayev tərəfindən 01 fevral 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* və MN seriyalı ******* nömrəli protokollar tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs başının qarışıq olmasından istifadə edərək ona məxsus olan əlçantasını oğurlamışdır. Əlçantasının içərisindən 200 manat pulu götürmüş, daha sonra pul kisəsini atmışdır. O, polis şöbəsində olarkən narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmış və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməsi aşkar edilmişdir. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin səhə inspektoru Rauf Ağayev izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus olan əlçantasını oğurlamış və həmçinin o, qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun “THC”, “AMP” və “MOP” maddələrindən istifadə edilməsi aşkar edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bilərək izahatında göstərdi ki, 25 yanvar 2023cü il tarixdə ona məxsus olan əlçantası işlədiyi kafedən oğurlanmışdır. Əlçantasının içərisində ona məxsus olan 350 manat pul və sənədlər olmuşdur. Hal-hazırda ona dəymiş zərər ödənilmiş və Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə isə həmin şəxs təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Elçin Qəhrəmanlı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin 34-cü PŞ-nin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. Belə ki, iş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə 01 fevral 2023-cü il tarixli, 472 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən “THC”, “AMP” və “MOP” maddələri aşkar edilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar