Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-434/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakları ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş EXP № 1179500, 22.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsini və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai RPİ-nin 34-cü PB tərəfindən onun barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EXP №1179500, 22.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu protokol əsasında Xətai RPİ-nin 34-cü PB tərəfindən EPQ №1167095, 22.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar verilmiş və həmin qərarda ona 4000 manat məbləğində inzibati cərimə yazılmışdır. O, Bakı şəhəri, Babək prospekti, 56 ünvanında yerləşən “Mala-Praqa” restoranının direktoru vəzifəsində çalışır və protokol həmin ünvanda tərtib olunmuşdur. Protokolda qeyd olunmuş İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin direktoru olduğu restoranda qeyd olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin qaydaları pozulmamış və karantin rejimlərinin mühafizəsinə riayət edilmişdir. Xətai RPİ-nin 34-cü PB tərəfindən protokol yanlış tərtib olunmuşdur və sadəcə maska yəni fərdi qoruyucu vasitəsindən istifadə edilməməsi barədə protokol tərtib olunmalı idi. Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejiminin qaydalarının pozulmasına dair protokolda qeyd olunan inzibati xəta barəsində heç bir əsas və dəlil yoxdur. Belə ki, maskadan istifadə etmədiyinə görə İXM-nin 211.2-ci maddəsinə əsasən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə vəzifəli şəxs kimi 300 manat məbləğində cərimə edilməli idi və bu əsasla barəsində protokol tərtib edilməli idi. Lakin protokolda və qərarda qeyd edilən 211.1-ci maddənin pozulması ilə əlaqədar heç bir hal yaşanmamışdır. Beləliklə o, barəsində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş EXP № 1179500, 22.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsini və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, polis əməkdaşları gələn zaman tibbi maskadan istifadə qaydalarını pozduğu üçün barəsində İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş protokol tərtib edilməli idi, lakin heç bir əsas olmadan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozması qeyd olunaraq barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin çıxışlarını, şikayət ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 22.10.2021-ci il tarixdə Babək prospekti 56 ünvanında yerləşən Mala Praqa restoranında İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin inzibati xəta haqqında protokolun qeyd hissəsində X4 protokolun yalnış yazıldığını və protokolda qeyd edilən cərimə ilə razılaşmadığını bildirmişdir. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 29 oktyabr 2021-ci il tarixli 324 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 01 yanvar saat 06:00-dək uzadılmışdır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 22.10.2021-ci il tarixdə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Digər tərəfdən, inzibati orqan inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən X3 barəsində başlanmış inzibati icraat barədə məlumat verməmiş, onun izahatı alınmamış və əlavə olaraq o, vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilərək barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Halbuki şikayətçi X4 məhkəmə iclasında verdiyi izahatında və şikayət ərizəsində qeyd etmişdir ki, 22.10.2021-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Babək prospekti 56 ünvanında yerləşən “Mala-Praqa” restoranında yoxlama keçirilən zaman qoruyucu tibbi maskadan istifadə etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə vəzifəli şəxs kimi 300 manat məbləğində cərimə edilməli olduğu halda, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən əsassız və qanunsuz olaraq İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi əsas gətirilərək barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 22 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən yenidən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, X2 ifadəsində qeyd etdiyi xüsusatlara diqqət yetirilməli və törətdiyi əmələ düzgün qiymət verilərək Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə tövsif olunmaqla lazımi tədbirlər görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-434/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-434/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver