Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4388/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 08 aprel 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 08 aprel 2025-ci il tarixli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Ford Mustang” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 23:14-də Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ərazisində Bakı şəhəri X7 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X5 tərəfindən saxlanılmış və barəsində sübut olunmadan İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolun tərtib olunmasına səbəb kimi avtomobilin ön barmaqlığında yerləşən “LED” işıq zolaqlarının qanunvericiliyə uyğun olmaması göstərilmişdir. Həmin protokolla razı deyildir. Belə ki, həmin “LED” işıq zolaqları sürücülərin diqqətini yayındıracaq şəkildə deyil və yol hərəkəti təhlükəsizliyini pozmur. Həmin protokolda bu barədə konkret texniki ölçü, sübut və ya akt tərtib olunmamışdır. Bu dəyişiklik avtomobilin texniki baxışdan keçməsinə və istifadəyə verilməsinə mane olmayıb. Həmin “LED” işıq zolaqları avtomobilin ümumi görünüşünü tamamlamaq məqsədilə istifadə olunub. İnternet saytlarında da ön barmaqların üzərində həmin “LED” işıq zolaqları “Ford Mustang” modeli üçün satılır. Qeyd edilənləri nəzərə alaraq barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 08 aprel 2025-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, 08 aprel 2025-ci il tarixdə X2 barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək vəzifəsi var. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavə olan “Nəqliyyat vasitələrinin nasazlıqlarının” siyahısının İİİ bəndində xarici işıq cihazlarında aşağıdakılar nasazlıq müəyyən edilmişdir: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 barəsində Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 08 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda avadanlığın dəyişdirilməsinin nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmişdir, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X2 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsini hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Həmçinin təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri X9 İdarəsinin əməkdaşı tərəfindən protokol qanunun tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqları və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 08 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X9 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 08 aprel 2025-ci il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4388/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4388/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver