Məhkəmə qərarları › İş №3(011)-4391/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4391/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4391/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 25 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi yolu 59 (GPS: 40.450871, 49.840576) ünvanında ona məxsus Volkswagen Jetta markalı avtomobil ilə yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağına görə (Maddə: 328.3) barəsində EQ ******* saylı elektron protokol tərtib olunmuşdur. Protokolda onun Binəqədi rayonu, Binəqədi yolu 59 (GPS: 40.450871, 49.840576) ünvanında radara düşdüyü göstərilsə də, o, nəinki həmin tarixdə heç ümumiyyətlə bu avtomobili aldığı 2021-ci ilin mart ayından bugünə kimi sözü gedən yolda olmamışdır. Yazılmış protokolun yanlış olması və onun ləğv edilməsi xahişi ilə Baş X5 İdarəsinə protokol yazılan gün, yəni 25 avqust 2021-ci il tarixdə online (AsanPay.az vasitəsi ilə) şikayət etmişdir. Şikayətindən 30 iş günü keçməsinə baxmayaraq heç bir rəsmi cavab ala bilmədiyinə görə, 08 oktyabr 2021-ci il tarixində təkrar online şikayət yazmışdır. Bir müddətdən sonra artıq cəriməyə dəbbə hesablanmağa başladığı üçün, sözü gedən idarəyə baş çəkmiş, oradan onun 25 avqust tarixli ilk müraciətinin sistemdə görsənmədiyini, 08 oktyabr tarixli 2-ci müraciəti ilə bağlı isə icraat müdətində əlaqə saxlayacaqlarını bildirdilər. 05 noyabr tarixində ona icraatla bağlı Azadi Hüseynzadə adlı DYP icraçısından zəng gəlmiş, hadisənin həqiqətən də Binəqədi yolunda olmadığını etiraf etmiş və əslində Xətai rayonu, Nobel (8 Noyabr) prospektində qeydə alındığı müəyyən olunmuşdur. Araşdırmanı aparan zabit bildirdi ki, Bort kompyüterə bağlı GPS qurğusu ola bilsin ki, düzgün qoşulmayıb və ola bilsin ki YPX əməkdaşı bundan əvvəl Binəqədi rayonunda xidmət aparıb və ona görə onu da orda qeydə alıb. O bildirdi ki, qərarı qüvvədə saxlayır və bu barədə ona rəsmi cavabın e-mail adresi-nə göndəriləcək. Protokol online sistemdə görsənməyinə baxmayaraq “qərar” hissəsi boş idi, və qərarı əldə etməyi yalnız 22 noyabr tarixində növbəti dəfə fiziki olaraq Bakı şəhəri DYP idarəsinə gedərək mümkün olmuşdur. Bundan əvvəl qərarı ona göndərmələrini xahiş etsə də bu sənəd ona göndərilməmişdir. Məhkəməyə müraciəti bu səbəblərdən gecikmişdir. O, bu protokolun düzgün tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu qüvvədə saxladığını bildirmişdir. Qeyd edir ki, qanunvericiliyə uyğun olaraq protokol səhv yazıla bilməz və ona düzəliş edilməsi qadağandır. Bu halda o, haqlı olaraq aşağıdakıları tələb edə bilər: 1) Protokolu səhv tərtib etmiş polis əməkdaşı haqqında intizam tədbiri (töhmət) məhkəməyə təqdim etsinlər; 2) Bort kompyüterin (mobil xüsusi texniki vasitə/radar) həmin tarixdə saz vəziyyətdə olmasını sübut edən texniki eyniləşdirmə (kolibrasiya) raportunu təqdim etsinlər; 3) Eyni anda onun avtomobilini sol tərəfdən ötmə əməliyyatı edən və ondan daha sürətli hərəkət edən **-PN-*** qeydiyyat nişanlı Hyundai İ30 markalı avtomobilə qarşı sürət həddi cərimə protokolu (müvafiq video görüntünü təqdim edə bilər) təqdim etsinlər. Bundan əlavə olaraq, Nobel prospektində hərəkət sürətinin 60km/saat olmasını müəyyən edən, icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı mövcud deyil, və əgər bu yol yaşayış məntəqəsi hesab edildiyinə görə bu sürət həddi şamil olunursa o zaman “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİ-ci bəndi “Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50- 200 metr qabaqda quraşdırılır” tələbi pozulub, belə ki YPX avtomobili 6 14 “informasiya stendi” servis nişanından 50-200m deyil 750m aralıda və parklanmış avtomobillərin arasında gizlənərək (sayrışan işıqlardan istifadə etmədən) xidmət aparır. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 08 noyabr 2021-ci ildə BPİ-də baxılsa da, əsaslandırmama heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X3” AR Qanununun 30-cu maddəsinin tələblərini pozmaqla, 150 manat məbləğində cərimə edilməyimlə balğı qərar çıxarılmışdır. Hörmətli məhkəmə heyəti, onun etirazı haqqımda çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, protokol səhv tərtib edilib, xətanın baş verdiyi göstərilən yerdə həqiqətən də onun olmağı sübuta yetirilə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 25 avqust 2021-ci il tarixdə saat 09:14:48-də Bakı, Binəqədi yolunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin 15 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, X1 barəsində əsassız qəbul olunmuş EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət etməyinə baxmayaraq müraciətin bu günədək cavablandırılmaması haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsinin rəhbərliyinə ünvanladığı müraciətə baxılmışdır. Bildirilir ki, ilkin müraciət Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə daxil olmamışdır. Hazırki müraciətin iştirakı ilə araşdırılması və videogörüntülərin təqdim edilməsi məqsədilə onunla mobil telefon əlaqəsi saxlanılaraq Bakı şəhər Baş Polis idarəsi X5 İdarəsinə dəvət olunmuş, DYPİ-yə gəlmədiyindən müraciəti iştirakı olmadan araşdırılmışdır. Bildirilir ki, 25.08.2021-ci il tarixdə X2 «Volkswagen» markalı, 9Q-RA-290 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Nobel prospektində idarə edərkən «X3» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələbini pozaraq müəyyən edilmiş sürət rejiminə əməl etməməyi patrul avtomobilində quraşdırılmış xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. DİN BDYPİ-nin Mərkəzi informasiya Sisteminin məlumatına əsasən nəqliyyat vasitəsinin X1 istifadəsində olması müəyyən edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun iştirakı olmadan barəsində Məcəllənin 328.3-cü maddəsi üzrə EQ ******* nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Yol hərəkəti qaydasını pozmağı xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntülərə baxış keçirilərkən təsdiqini tapmışdır. Araşdırma zamanı törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur;76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 inzibati tənbeh vermə haqqında 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğdə cərimə edilmişdir. X2 həmin nəqliyyat vasitəsini Bakı, Binəqədi yolunda idarə edilmədiyini bildirmişdir. Qərarda, ehtimal olunan xətanın törədildiyi yer, Bakı, Binəqədi yolu qeyd edilmiş, lakin, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin 15 noyabr 2021-ci il tarixli məktubunda xətanın Bakı şəhərinin Nobel prospektində qeydə alındığı bildirilmişdir. Göründüyü kimi, ehtimal olunan xətanın törədildiyi yer qararda düzgün göstərilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli qərarla X1 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar