Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-441/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlununn sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X1 iştirakı ilə, Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 18 aprel 2020-ci il tarixli, MN ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 18 aprel 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 18 aprel 2020-ci il tarixdə Səbail rayonu ərazisində polis əməkdaşı onu saxlamış və onun çölə çıxması barədə icazəsinin olmaması bildirilmişdir. Lakin o, həmin vaxt portaldan taksi fəaliyyəti ilə məşğul olduğu üçün icazə alınması polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları onun barəsində inzibati protokol tərtib etmişdir. Belə ki, 18-19 aprel 2020-ci il tarixlərində portal yeniləndiyindən onun icazəsi ona heç bir məlumat verilmədən pozulmuşdur. Qeyd edilənlərə əsasən Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 18 aprel 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 izahat verərək, Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən sübut edilməsini istəmiş, təqdim edilə bilmədiyi təqdirdə şikayətinin təmin edilməsini xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən (köhnə nəşirlə) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 18 aprel 2020-ci il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, X2 18 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində EXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 18 aprel 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 18 aprel 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-441/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-441/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver