Məhkəmə qərarları › İş №3(011)-4413/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4413/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4413/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının direktoru Nümayəndə iştirakları ilə, hüquqi şəxs Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı səhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yerləşən Şəxs Firmasının rəhbərliyi tərəfindən süd və süd məhsullarının istehsalı zamanı ətraf mühitin müəssisə (istehsalat) monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 Şəxs Firmasının barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Şəxs Firması tərəfindən ətraf mühitə atılan çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş “2-TG” illik hesabatların idarəyə verilməsi təmin edilməmişdir. Beləliklə o, Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının direktoru Nümayəndə barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, tərəflərindən süd və süd məhsullarının istehsalı zamanı ətraf mühitin müəssisə monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilmişdir və müvafif sənədlər təqdim olunacaqdır. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi müfəttiş X2 tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı səhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yerləşən Şəxs Firmasının rəhbərliyi tərəfindən süd və süd məhsullarının istehsalı zamanı ətraf mühitin müəssisə (istehsalat) monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması faktı aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 86654 nömrəli aktda qeyd edilmişdir ki, araşdırma zamanı Şəxs Firmasının əsas fəaliyyət istiqamətinin süd və süd məhsullarının istehsalı ilə məşğul olması müəyyən olunmuşdur. Qanunvericilikdə müəyyən edilmiş tələblərin yerinə yerinə yetirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 3-14-26/2-1095/2024 nömrəli xəbərdarlıq məktubu əlbəəl Şəxs Firmasının əməkdaşı Cavanşir Aslanova təqdim edilərək müvafiq izahat verilmiş, lakin Şəxs Firması tərəfindən qeyd edilənlərlə bağlı heç bir iş görülməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli bildiriş məktubu Şəxs Firmasının nümayəndəsi Orxan Cəfərova təqdim edilmiş, lakin bildirişə məhəl qoyulmamış və müəssisənin 2023-cü il üzrə istehsalat monitorinqinin və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamış, illk hesabatlar təqdim edilməmiş, müəssisənin fəaliyyəti zamanı ətraf mühitə atılan tullantılara görə qanunvericiliklə müəyyən edilmiş ödənişlərin “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməsi təmin edilməmişdir. Nəticədə Şəxs Firması tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13, 18 və 24-cü maddələrinin pozulması, o cümlədən AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 122 saylı Qərarının tələblərinə riayət olunmaması müəyyən edilmişdir. Həmçinin, hüquqi şəxsin nümayəndəsi aktın tərtib edilməsində iştirak etməsi üçün dəvət edilmiş, lakin o, gəlməmiş və aktın nüsxəsini götürməkdən, həmçinin onu imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “Energetika və ətraf mühit statistikası” barədə formaya əsasən müəssisələr 2-TG (su təsərrüfatı) nömrəli forma (Sudan istifadəyə dair) illik statistika hesabatını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli orqanları ilə razılaşdırılaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli orqanlarına aprelin 25-dək təqdim etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Firması tərəfindən süd və süd məhsullarının istehsalı zamanı ətraf mühitin müəssisə (istehsalat) monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının direktoru Nümayəndə tərəflərindən süd və süd məhsullarının istehsalı zamanı ətraf mühitin müəssisə monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılması ilə bağlı izahatına tənqidi yanaşır və hesab edir ki, direktorun izahatı özünü müdafiə xarakteri daşıyır və inzibati məsuliyyətdən yayınmaq üçün verilmişdir. Bundan əlavə, müəssisənin direktoruna dəfələrlə müəssisə monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmasını təsdiqləyən sənədlərin təqdim edilməsi təklif edilsə də, bununla bağlı məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da Şəxs Firması məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Firmasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Firmasının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar