Məhkəmə qərarları › İş №3(011)-4417/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4417/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4417/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 30 may 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, AZ1018, BAKİ ŞƏHƏRİ, XƏTAİ RAYONU, Gəncə pr., ev 36-da olan "X5" MMC tərəfindən 2860000.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 20 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 2860000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən 20 aprel 2023-cü il tarixində bankda olan hesablarından qabaqcadan ödəniş etməklə 2860000.00 Rusiya rublu məbləğində vəsait xaricə köçürülmüşdür. Tərəflərindən dəfələrlə müraciət edilməsinə baxmayaraq "xxxx" şirkəti tərəfindən həmin vəsait müqabilində alınmış malların ölkəyə idxal edilməsi təmin edilməmişdir. Daha sonra "xxxx" şirkəti tərəfindən ünvanlanmış məktubda müflisləşmələri qeyd edilmişdir. Beləliklə, pulun geri qaytarılması onlardan asılı olmayan səbəblərdən geri qaytarılmamışdır. Odur ki o, göstərilənlərə əsasən inzibati xəta hadisəsinin onların təqsiri ucbatından baş vermədiyini bildirərək barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 20 aprel 2023-cü il tarixində 2860000.00 Rusiya rublu məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. İnternet resurslarından əldə edilmiş sənədin surətindən görünür ki, xx.xx.2019-cu ildə qeydiyyata alınmış "xxxx" MMC müflis olma nəticəsində ləğv etmə prosesindədir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 30 may 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs 2860000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 2860000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli köçürmə ərizəsində hüquqi şəxs Şəxs 2860000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi qeyd edilmişdir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən 20 aprel 2023-cü il tarixində bankda olan hesablarından qabaqcadan ödəniş etməklə 2860000.00 Rusiya rublu məbləğində vəsait xaricə köçürülsə də, "xxxx" MMC tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan da göründüyü kimi xx.xx.2019-cu ildə qeydiyyata alınmış "xxxx" MMC müflis olma nəticəsində ləğv etmə prosesindədir. Bununla da, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məktubların məzmunundan aydın olduğu kimi malın idxal edilməməsi və ölkə xaricinə göndərilən pulun geri qaytarılmaması hüquqi şəxsdən asılı olmayan səbəblərdən, yəni onun təqsiri olmadan baş vermişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 2860000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən, yəni ixracatçı şirkətin müflis olması və təqsiri ucbatından 2860000.00 Rusiya rublu dəyərindəki malların ölkəyə idxal edilmədiyini, bu halın iş materiallarında olan məktublarla da öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar