Məhkəmə qərarları › İş №3(011)-443/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-443/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-443/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər X16 İdarəsinin 04.12.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı protokola Bakı Şəhər X16 İdarəsinin Yol Patrul Xidməti X9 X3 tərəfindən tərtib edilmiş TP seriyalı ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 04.12.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunun Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsində idarə etdiyi **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən, saat 12:10 radələrində Bakı Şəhər DYPİ Yol Patrul Xidməti X9 X3 tərəfindən qanunsuz və səbəbsiz yerə saxlanılaraq barəsində İXP ******* saylı protokol tərtib edilərək yerində TP ******* saylı qərar qəbul edilmişdir. Protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor protokolla bərabər qərar tərtib etmişdir. O, Tbilisi prospekti ilə Şəfaət Mehdiyeva küçəsində yerləşən kəsişmədən keçəndə işıqforun qırmızı qadağanedici işığı yox, məhz sarı işığı yanırdı və onun sarı işıqdan keçməyinin səbəbi qabağında gedən “BMW” markalı E53 kuzovlu X5 modelinin kəskin tormozlama ilə avtomobili durdurmasından sonra onun baş verəcək yol nəqliyyat hadisəsinin və verəcəyi kəskin tormozlarının nəticəsində arxadan onun avtomobili ilə hər hansı digər bir yol iştirakçısı avtomobilinin toqquşma ehtimalının qarşısını almaq üçün sükanı sağ tərəfə çevirərək və həmin avtomobilin solundan keçərək baş verə biləcək qəzanın qarşısını almaq idi və həmin an o, diqqət etmişdir ki, işıqforun məhz sarı işığı yanırdı və YPX inspektoru onu saxlayaraq və onun durduğu istiqamətdə çəkilmiş video görüntünü ona göstərərək və onun işıqforun qırmızı qadağanedici işığından keçdiyini bildirərək barəsində qərarlı protokol tərtib etmişdir, amma halbuki həmin video material Şəfayət Mehdiyev küçəsi boyu istiqamətində çəkilmişdi və onun hərəkət etdiyi -Tbilisi prospekti istiqamətində çəkilməmişdi və həmin video materialda tam dəqiq onun işıqforun qırmızı işığından keçdiyi görsənmirdi, YPX inspektoru onunla eyni yol boyu istiqamətində dayanmamışdı və onun hərəkət etdiyi yolda olan işıqforun sarı və ya qırmızı qadağanedici işığının yandığını tam qeydə ala bilsin, yol polisi inspektoru Şəfayət Mehdiyev küçəsində dayanıb Tbilisi prospektinə nəzarət edirdi. 04.12.2021-ci il tarixində o, Asan Ödəniş saytının “Şikayət Et” bölməsində ona yazılmış protokol ilə bağlı şikayətini qeyd etmiş və həmçinin 09.12.2021-ci il tarixində həmin şikayətin ardından əlavə şikayət qeyd etmişdir və Asan Ödəniş sistemində pəncərə formasında bir qeyd çıxmışdır harda ki, şikayətə 30 iş günü ərzində baxılacağı və 30 iş günü gözləmək lazım olduğu əks olunmuşdur. 25.01.2022-ci il tarixində saat 10:04 radələrində protokolun tertib olunmasının 32-ci iş günündə 102 Daxili İşlər Nazirliyinin zəng mərkəzinə zəng edərək 04.12.2021-ci i tarixində Asan Ödəniş saytında protokol ilə bağlı yazdığı şikayətinin üzərindən 3 iş günü keçərək və şikayətinə hələdə baxılmadığını və həmin müddət ərzində yazılmış protokol ilə bağlı şikayətini araşdırmaq üçün “TŞ” kamerasında qeyd olunmuş görüntünün analiz edilməsi üçün iştirakı ilə X16 şöbəsinə dəvət olunmağı üçün ona X12 heç bir zəng daxil olmadığını bildirərək operatora öz şikayətini bildirmişdir və operatorda onun şikayətini qeyd edərək onunla gün ərzində əlaqə saxlanılacağını bildirmişdir. 102 Daxili İşlər Nazirliyinin zəng mərkəzinə etdiyi şikayət zənginin nəticəsi olaraq 25.01.2022-ci il tarixində saat 16:00 radələrində onun elektron poçt ünvanına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X16 İdarəsindən məktub daxil olmuşdur və hardakı qeyd olunmuşdur ki, yol hərəkəti qaydasını pozmağı “TŞ” kameralarında qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır, amma halbuki həmin görüntülərə baxış zamanı onun iştirakı olmamışdır və İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsi əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmçinin 31.01.2022-ci il tarixində o, protokolun qərarını götürmək üçün Bakı Şəhər X16 İdarəsinə getmiş və orda 108-ci otağa yaxınlaşaraq 04.12.2021-ci il tarixində “TŞ” kameralarında qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmış görüntünü ona göstərməyini həmin otaqda çalışan polis inspektorundan xahiş etmişdir və o, da 04.12.2021-ci il tarixində olan görüntünü sistemlərində axtarışa verən zaman həmin görüntünün çıxmadığını və onun artıq sistemlərindən pozulduğunu bildirmişdir. 25.01.2022-ci il tarixində saat 16:00 radələrində onun elektron poçt ünvanına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Bakı Şəhər Baş Polis İdarəsinin X16 İdarəsindən daxil olmuş məktubda bildirilir ki, yol hərəkəti qaydasını pozmağı “TŞ” kameralarında qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır, əgər “TŞ” kameralarında qeydə alınmış görüntü onların sistemindən artıq silinibsə onlar həmin görüntüyə necə baxış ediblər, onun yol hərəkəti qaydasını pozmağını təsdiq etmək üçün? Həmin görüntüyə ümumiyyətlə baxış keçirilməyib, çünki həmin görüntü onların sistemində mövcud olmayıb. Həmçinin, 12.02.2022-ci il tarixindən etibarən İXP ******* saylı protokola dəbbə hesablanmağa başlanılmışdır. Beləliklə o, barəsində tərtib olunmuş 04.12.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X16 İdarəsinin Yol Patrul Xidməti X9 X3 tərəfindən tərtib edilmiş 04.12.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən 04 dekabr 2021-ci il tarixində, saat 12:16-da Bakı şəhəri, Tbilisi prospekti ilə Ş.Mehtiyev küçəsinin kəsişməsində “BMW 330İ minik” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi X16 İdarəsinin X5 ünvanladığı 15.01.2022-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, 04.12.2021-ci il tarixdə idarə etdiyi “BMW” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Tbilisi prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbinə riayət etməyərək svetoforun qadağanedici siqnalında hərəkəti davam etdirdiyi üçün barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Yol hərəkəti qaydasını pozmağı “TŞ” kameralarında qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda İ.Məmmədovun avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi göstərilmiş və o, İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04.12.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən X7 tərəfindən 04 dekabr 2021-ci il tarixində, saat 12:16-da Bakı şəhəri, Tbilisi prospekti ilə Ş.Mehtiyev küçəsinin kəsişməsində “BMW 330İ minik” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsas gətirilərək İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X7 tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilib-etdirilməməsi araşdırılmadan onun barəsində 04.12.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin Bakı Şəhər X16 İdarəsi tərəfindən İsmayıl Məmmədova ünvanlanmış 15.01.2022-ci il tarixli məktubda sonuncu tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi halının ərazi üzrə quraşdırılmış videonəzarət kamerası vasitəsi ilə aşkar olunduğu qeyd edilsə də, sübut əhəmiyyətinə malik olan həmin videogörüntülər səlahiyyətili orqan tərəfindən məhkəməyə təqdim olunmamış, əlavə olaraq qərar qəbul edilərkən şəxsin iştirakı ilə həmin videogörüntü tədqiq edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 04.12.2021-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində 04.12.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı Şəhər X16 İdarəsinin 04.12.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Bakı Şəhər X16 İdarəsinin 04.12.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar