Məhkəmə qərarları › İş №3(011)-4430/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4430/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4430/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28313775 nömrəli inzibati tənbehvermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28313775 nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində AR DİN BDYPİ tərəfindən EQ 28313775 saylı protokol əsasında xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin vaxt avtomobili o idarə etməmiş, atası sonuncu etibarnaməni ona verdiyi üçün cərimə ona gəlmişdir. Həmçinin həmin tarixdə Qaçaq Nəbi küçəsindən Əhmədli metrosuna dönərkən işıqforda qırmızı işıq yanmış, atası avtomobili saxlamış, yaşıl işıqda sürmüşdür. Yazılmış cərimə tamamilə əsassızdır, ləğv edilməli və icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş EQ 28313775 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28313775 nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:18-də «FORD TRANSİT yük» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət edilməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi İnformasiya sisteminə ötürülmüş məlumatı əsasında X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə EQ 28313775 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X1, barəsində çıxarılmış elektron qərardan Xətai Rayon Məhkəməsinə şikayət vermiş ve xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılaraq EQ 28313775 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında işə yenidən baxılarkən xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusunun foto və video görüntülərinə keçirilən baxış zamanı «FORD TRANSİT yük» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yol nişanının tələblərinə riayət etməməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28313775 nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28313775 nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar