Məhkəmə qərarları › İş №3(011)-4466/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4466/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4466/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X3 iştirakları ilə, xx.xx.1967-ci ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Məlhəm Ərazi Dairəsi, Məlhəm kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 30 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:06 radələrində X1 narahat etməsi ilə bağlı polis əməkdaşları hadisə yerinə getmişlər, lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə prospekti 54 ünvanında əvvəllər tanıdığı Sevinc adlı şəxslə qarşılaşmış və sonuncu onu təhqir etməyə başlamışdır. Bir neçə dəqiqədən sonra həmin əraziyə polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Lakin o, içkili olduğundan öz hərəkətlərini idarə edə bilməyərək polis əməkdaşlarına müqavimət göstərmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 36cı PB-nə aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis Bölməsində olanda da öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X4 30 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla mübahisə etmiş, polis əməkdaşlarını təhqir edərək onların şərəf və ləyaqətini alçaltmışdır. Dəfələrlə onu sakitliyə çağırsalar da, o, razılaşmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X5 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:06 radələrində Xətai rayonu, ünvan 2 ünvanında yaşayan vətəndaş X2 DİN-nin 102 xidmətinə zəng edərək Şəxs adlı şəxsin onun qapısını döyüb narahat etməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumatla əlaqədar həmin ünvana yaxınlaşmışlar, tərəflərindən məlumat verən vətəndaşın ərizə və izahatı alınmışdır. Şəxs izahatının alınması üçün onu 36-cı PŞ-nə dəvət etsələr də vətəndaş onların qanuni tələblərinə tabel olmayaraq əl qol hərəkətləri ilə, nalayiq küçə söyüşləri ilə polisin ünvanına təhqirlər etmişdir. Həmin vətəndaşı 36-cı PŞ-nə təmin etdikdə vətəndaş PŞ-də onların iş rejimini pozaraq öz əməlini davam etdirmişdir. Onu dəfələrlə nizam intizama dəvət etsələr də yüksək səslə polisin ünvanına küçə söyüşləri ilə nalayiq ifadələr işlətməyə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:06 radələrində X1 narahat etməsi ilə bağlı polis əməkdaşları hadisə yerinə getmişlər, lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/42214 saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq halı aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 28 oktyabr 2023-cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsinin müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «28» oktyabr 2023-cü il tarixdən saat 18:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «28» oktyabr 2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar