Məhkəmə qərarları › İş №3(011)-4484/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4484/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4484/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın qızının sədrliyi, Təhməzov Nihad İlham qızının katibliyi ilə, X2 iştirakı ilə, X2 Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı RPİ-nin 33cü Polis Bölməsinin 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 26.11.2021-ci il tarixdə Suraxanı RPİ-nin 33cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən tibbi maskadan istifadə etmədiyinə görə İXMnin 211.3-cü maddəsi ilə 200 manat cərimə edilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolun əsasında 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. 26 noyabr 2021-ci il tarixdə polis əməkdaşı ictimai nəqliyyatda ona yaxınlaşaraq ondan COVİD-19 pasportunun olub-olmadığını soruşmuş, o da müəllimə olduğunu, Covid-19 pasportuna sahib olduğunu vurğulamış, bundan sonra həmin polis əməkdaşı onun adını və soyadını maraqlanaraq sistemdə yoxlayacağını bildirmişdir. O, həmin gün fikirli olduğu üçün Operativ Qərargahın belə bir göstərişi və ya qadağasının olmadığını düşünə bilməmişdir və polis əməkdaşına adını və soyadını bildirmişdir. Polis əməkdaşı da onun Covid-19 pasportunun olduğunu bildirərək oradan uzaqlaşmışdır. Bu hal onda şübhə doğurduğu üçün evdə “Asanpay” sisteminə daxil olaraq adına cərimə yazılıb-yazılmadığını yoxlayarkən, həmin polis əməkdaşının ona cərimə yazdığını görmüşdür. Operativ Qərargahın belə bir qərarı olmadan ictimai nəqliyyatda Covid-19 pasportunu yoxlaması qeyri-qanunidir. Onun barəsində tətbiq edilmiş inzibati xəta haqqında qərar əsassızdır. Çünki barəsində aparılan icraatla əlaqədar ona məlumat verilməmiş və həmin icraatda iştirak etməsi üçün heç bir şərait yaradılmamış, protokolun hadisə yerində tərtib edilməməsi, pozuntunun nədən ibarət olmasına dair hər hansı bir texniki sübutetmə vasitədən istifadə edilməməsi, pozuntu yerində aşkar edildiyi an barəsində inzibati icraat aparılan şəxsə hüquqlarının izah edilməməsi qeyd edilməlidir. Səlahiyyətli orqan tərəfindən hüquqları pozulmuşdur, barəsində yazılmış qərar qanunsuzdur. Həmçinin o, sıravi müəllimə işləyir, bir il ərzində tibbi maskadan dolayı qanunsuz olaraq 2 dəfə cərimə olunmuşdur. Həmin cərimələri ödəməyi ailəsinin çətin vəziyyətə düşməsi və əlavə yük deməkdir. Əmək qabiliyyəti olmayan valideynlərini və himayəsində olan azyaşlı uşağını o əmək haqqı ilə dolandırmaq məcburiyyətindədir. Beləliklə o, barəsində tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli, EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 26.11.2021-ci il tarixdə 104 saylı avtobusda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 29 oktyabr 2021-ci il tarixli 324 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 01 yanvar saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı qərarda X2 İXM-nin 211.3-cü maddəsinin tələblərini pozduğu əsas gətirilərək, barəsində 200 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş 26 noyabr 2021ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar