Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4501/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs MMC 48000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “X6” ASC-də olan hesabından 01 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 48000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 25 noyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə protokola etiraz edərək göstərmişdir ki, şirkət Türkiyə Respublikasının rezidenti olan X2 Ortaklığı arasında TDLHZM-372/1 nömrəli, 01.08.2019-cu il tarixli Quyu Genişləndirmə Xidmətləri Müqaviləsi (Hole Enlargement Service Agreement) imzalanmışdır. Məlum olduğu kimi, yuxarıda qeyd olunan müqavilənin icrası Türkiyə Respublikasının ərazisindəki neft-qaz sahələrində buruq quyuların qazılması ilə bağlıdır və bu cür quyuların qazılması üçün Şirkətə qazma motorları ilə bağlı zəruri xidmətlər gərəkli olmuşdur. Buna müvafiq olaraq Kanada Respublikasının rezidenti X3. Şirkəti ilə əməkdaşlıq edilməsi qərara alınmış və 11.10.2019-cu il tarixində sözügedən şirkət ilə Satış şərtilə İcarə və Xidmət Müqaviləsi (Lease to Purchase and Sale Agreement) imzalanmışdır. Bu cür qazma motorlarının satınalma qiyməti olduqca yüksək olduğu üçün Şirkət tərəfindən həmin avadanlıqlar satın alınmamış, sadəcə avadanlıqlarla bağlı müvəqqəti xidmət alınması qərara alınmış və buna müvafiq olaraq qeyd olunan şirkətlə 15.10.2019-cu il tarixində Əlavə № 01 (Addendum № 01) imzalanmışdır. Həmin müqavilə və əlavə razılaşmalara əsasən, Şirkət X3.-dən 6 ədəd qazma motorunun 2 aylıq (yanvar və fevral 2020 tarixləri üçün) icarəyə götürülməsi ilə bağlı xidmətlər (icarəyə götürülən malların Türkiyə ərazisinə çatdırılması, quraşdırılması, sökülməsi, transport xidmətləri, motorların sahədə istifadəsinə nəzarət edilməsi) əldə edilməsi razılaşdırılmışdır. Bütün bu xidmətlərin ümumi dəyəri 48000.00 (qırx səkkiz min) ABŞ dolları təşkil etmişdir və xidmət göstərən təşkilatın əməkdaşlıq şərtləri 100% əvvəlcədən ödəniş tələb etdiyi üçün 02.11.2021-ci il tarixində xidmətlərin ümumi dəyərini təşkil edən 48000.00 (qırx səkkiz min) ABŞ dolları əvvəlcədən satıcı X3. Şirkətinin Kanada Respublikasında olan bank hesabına (CİBC Bank) köçürülmüşdür. Ödəniş həyata keçirildikdən sonra qarşılıqlı razılaşmaya uyğun olaraq X3. Şirkəti Canada istehsalı olan 6 ədəd qazma motorunu 03.12.2019-cu il tarixində 20341200İM170730 nömrəli gömrük bəyannaməsi ilə Turkish Petrollium A.O. Şirkətinə göndərmişdir. Bundan sonra Şirkət işçisi X5 Respublikasına ezam olunmuş, X3. Şirkətindən icarəyə götürülmüş avadanlıqlardan və digər xidmətlərindən (icarəyə götürülən malların Türkiyə ərazisinə çatdırılması, quraşdırılması, sökülməsi, transport xidmətləri, motorların sahədə istifadəsinə nəzarət edilməsi) istifadə etməklə Türkiyə Respublikası ərazisində (Damlaca, Şırnak) quyu genişləndirmə xidmətləri icra olunmuşdur. Buna müvafiq olaraq xidmətlərin icrası bitdikdən sonra X3. Şirkəti ilə Easydrill MMC arasında 05.03.2020-ci il tarixində Xidmətlərin İcrası Aktı imzalanmışdır. Həmin akta görə Tərəflər təsdiq etmişdirlər ki, X3. Şirkəti 2020-ci ilin yanvar və fevral ayları ərzində Easydrill MMCyə 2 aylıq qazma motoru ilə təchiz etmə, Türkiyə Respublikası ərazisinə çatdırma, quraşdırılma, sökülmə, transport xidmətləri, motorların sahədə istifadəsinə nəzarət edilməsi xidmətləri göstərmişdir. Bütün xidmətlər keyfiyyətli bir şəkildə icra olunmuşdur və bu hissədə Easdyrill MMC-nin X3. Şirkətinə qarşı hər hansı şikayəti, tələbi və iddiası yoxdur. X1 (TPAO) ilə imzalanmış TDLHZM-372/1 nömrəli, 01.08.2019-cu il tarixli Quyu Genişləndirmə Xidmətləri Müqaviləsinin Şirkətimiz tərəfindən icra olunması nəticəsində ümumilikdə 221 529.00 (iki yüz iyirmi bir min beş yüz iyirmi doqquz) ABŞ dolları məbləğində pul vəsaiti 31.05.2020-ci il tarixində sifarişçi təşkilat tərəfindən Şirkətin müvafiq bank hesabına köçürülmüşdür. AR Mərkəzi Bank əməkdaşları yanlış olaraq belə qənaətə gəlmişdirlər ki, Şəxs MMC ilə X3. Şirkəti arasında imzalanmış 11.10.2019-cu il tarixli müqavilə alğı-satqı müqaviləsi olmuş və müqavilədə göstərilmiş mallar Azərbaycan Respublikasına idxal olunmalıdır. Halbuki, nə müqavilədə, nə də tərəflərin müqaviləyə qədər və müqavilədən sonrakı hərəkət və davranışlarında belə bir qənaətə gəlməyə əsas verəcək hər hansı fakt mövcud olmamışdır. Tərəflər arasında 11.10.2019-cu il tarixində imzalanmış müqavilə və 15.10.2019-cu il tarixində imzalanmış 1 nömrəli Əlavə Razılaşma əsasında razılaşdırılmış xidmətlərin 05.03.2020-ci il tarixli Xidmətlərin icra aktı və digər sənədlərlə tam icra olunduğu sübut olunur. Protokoldan da göründüyü kimi, AR Mərkəzi Bank əməkdaşları hesab edir ki, mal və xidmətlər mütləq Azərbaycan Respublikasına idxal edilməlidir. Lakin Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, avans qaydada xaricə köçürülmüş valyuta vəsaiti müqabilində alınan mal və xidmətlərin mütləq Azərbaycan Respublikasına idxal olunması məcburiyyəti yoxdur. Belə ki, Şəxs MMC ilə X3. Şirkəti 11.10.2019-cu il tarixində imzalanmış nə satış şərtilə İcarə və Xidmət Müqaviləsində (Lease to Purchase and Sale Agreement), nə də 1 nömrəli Əlavədə (Addendum № 01) nəzərdə tutulmuş xidmətlərin Azərbaycan Respublikasına idxal olunacağı qeyd olunmamışdır. Əksinə, Easydrill MMC Türkiyə Respublikasında X2 Şirkəti ilə tender qalibi olaraq beynəlxalq layihə icra etdiyi üçün AR Mərkəzi Bankının 28.11.2016-cı il tarixli müvafiq Qaydalarının 4.3.4-1-ci bəndi ilə icazə verildiyi kimi X3. Şirkəti tərəfindən göstəriləcək xidmətlərin Azərbaycan Respublikasında yox, Türkiyə Respublikasında icra olunması əlavə razılaşmada razılaşdırmış və bu qaydada da icra olunmuşdur. Məlumat üçün qeyd olunmalıdır ki, X3. Şirkəti tərəfindən göstərilən xidmətlər Şirkətin Türkiyədə həyata keçirdiyi beynəlxalq layihənin icrasıyla sıx bağlı olmuşdur və buna görə də həmin xidmətlərin Azərbaycan Respublikasında icrası qeyri-mümkün idi. Şirkətin Türkiyə Respublikasında həyata keçirdiyi həmin beynəlxalq layihənin icrası nəticəsində xaricə köçürdüyümüz valyuta vəsaitinin məbləğindən təxminən 4.5 (dörd tam onda beş) dəfə artıq – 221 529.00 (iki yüz iyirmi bir min beş yüz iyirmi doqquz) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Cəmiyyətin hesabına köçürülmüşdür. Yuxarıda qeyd olunan qanunvericiliyin müvafiq müddəalarından, irəli sürdüyü dəlillərdən və təqdim etdiyi sübutlardan da göründüyü kimi, xaricə ödənilmiş 48 000.00 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müqabilində X3. Şirkəti tərəfindən Cəmiyyət üçün xidmətlər göstərilmiş, bu xidmətlər müvafiq qaydada İcra Aktı imzalanmaqla qəbul edilmiş, nəticə etibarilə AR İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilməmişdir. Buna görə də Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi barədə inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 01 noyabr 2019-cu il tarixində “X6” ASC vasitəsilə 48000.00 ABŞ dolları məbləğində pul vəsaiti “Cavare İnternational” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan TDLHZM-372/1 nömrəli müqavilənin surətindən görünür ki, Şəxs MMC ilə X2 Ortaklığı arasında Quyu Genişləndirmə Xidmətləri Müqaviləsi (Hole Enlargement Service Agreement) imzalanmışdır. İş materiallarında olan Şəxs MMC ilə “X3.” Arasında altı-satqı şərtilə xidmət müqaviləsindən görünür ki, müqavilənin 7-ci bəndi Xidmət Razılaşması adlanır və həmin hissədə tərəflər razılaşmışdırlar ki, Cavare qazma mühərrikləri və ya qazma alətlərinin xidmət işlərini təmin etməyi öhdəsinə götürür. İş materiallarında olan 15.10.2019-cu il tarixində müqaviləyə 1 nömrəli Əlavə Razılaşmadan görünür ki, Şəxs MMC 2 aylıq (yanvar-fevral 2020-ci il) 6 ədəd müxtəlif ölçülü qazma mühərriklərinin Türkiyə Respublikasına təhvil verilməsi, işlədilməsi, işdən çıxarılması və geri göndərilməsi, qazma mühərriklərinin sahədə istifadəsinə nəzarət etmək razılaşdırmışdır. Xidmətlərin Azərbaycan Respublikasında yox, Türkiyə Respublikasında icra olunacağı razılaşdırılmış və bu xidmətlərin Şəxs MMC-nin Türkiyə Respublikasında həyata keçirdiyi xidmətlərin bir parçası olacağı bəyan edilmişdir. Bu xidmətlərin ümumi dəyəri 48 000,00 (qırx səkkiz min) ABŞ dolları olmuşdur. İş materiallarında olan “X3.” Şirkətinin 13 dekabr 2021-ci il tarixli məktubundan görünrür ki, daşıma-çatdırılma və nəzarət xidmətləri Cavare tərəfindən müvafiq qaydada yerinə yetirilmiş, bü xidmətlər üçün bank köçürməsi ilə 48 000,00 (qırx səkkiz min) ABŞ dolları ödənilmiş, Şəxs MMC-nin Cavare qarşısında heç bir borcu yoxdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materialları ilə sübuta yetirildi ki, Şəxs MMC 48000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “X6” ASC vasitəsilə 01 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına 02 il tamam olmadan xidmətlər görülmüşdür.Həmin xidmətlərin görülməsi iş materialları ilə bir daha öz təsdiqini tapmışdır. Buna görə də hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4501/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4501/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver