Məhkəmə qərarları › İş №3(011)-4513/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4513/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4513/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 9 oktyabr 2023-cü il tarixində Bakı şəhəri Baş Polis İdarəsinin dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Yusif Səfərov küçəsində saxlanılmışdır. Saxlanılma səbəbi kimi mülkiyyətində olan və istifadə etdiyi **-HV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sistemi (səs-boğucu) həmçinin xarici işıq cihazlarının normativ tələbləri pozduğunu iddia etdilər. Buna etiraz edərək nəqliyyat vasitəsini texniki baxışdan mövcud vəziyyətdə keçirildiyini, ümumiyyətlə avtomobilində olan səs boğucunun və led işıqların qanunsuz olmağı ilə bağlı maddə tələb etmişdir. Lakin, bu tələblərə məhəl qoyulmayaraq inzibati xəta haqqında protokol tərtib olunmadan və heç bir yoxlanılma aparılmadan nəqliyyat vasitəsi həmin idarənin duracağına yerləşdirdi. Yol patrul xidmətinin inspektoruna bir daha etiraz edərək prosessual qaydaları pozduğunu, ondan inzibati xəta haqqında protokolun, həmçinin nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi ilə bağlı müvafiq aktın nüsxəsinin ona verilməsini tələb etsə də, bunların heç biri təmin olunmadı. Bu barədə həmin gün DİNnin 102 qaynar xəttinə bir neçə dəfə zəng edərək şikayətini bildirmişdir. Hadisə günündən 16 gün keçdikdən sonra yəni 25 oktyabr 2023-cü il tarixində avtomobilimin uzaqvuran işıqlarından ledləri sökdürüb protokol yazıldı. Həmin İXP5789332 nömrəli protokola əsasən 150 manat məbləğində inzibati cərimə olunduğu qeyd olunmuşdur. 10 oktyabr 2023-cü il tarixində Bakı şəhər Baş Polis İdarəsinin X7 idarəsinə 28 ci otağa yaxınlaşaraq bir daha nəqliyyat vasitəsində olan səsboğucunun və xarici işıq cihazının qanunsuz olmadığına və normativ tələbləri pozmadığını bildirdi və yenidən protokolun tərtib olunmasını tələb etdi. Avtomobilində olan səs boğucu Fortluft pmt-401 universal sas boğucudur və istənilən marka-model avtomobilə quraşdırıla bilər. Həmin otaqda oturan şəxs tərəfindən bu məsələyə baxılması ilə bağlı ekspert təyin olunması üçün izahat tələb olundu. İzahatda ona heç bir normativ tələbləri pozmadığı qeyd etmişdir. 19 okyabr 2023cü il tarixində həmin idarəyə bir daha yaxınlaşdım. Onlar mənim şikayətimə yenidən məhəl qoymadan səsboğucunun və ledin nəqliyyat vasitəmdən çıxarılmasını tələb etdilər. Ona tərtib olunan 342.2.2 maddəsinə əsasən normativ tələbləri pozmaqla əlavə avadanlıq yerləşdirilməsi qeyd olunsada nəqliyyat vasitəmdə olan səsboğucu və led işıqlar heç bir normativ tələbi pozmur. Çünki 1 saylı əlavəyə əsasən xarici işıq cihazlarının miqdari, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda 150 (azn) manat cərimə olunur. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Nəqliyyat vasitəsi Toyota Prius 2012-modeldir və 2015 ci ildə istehsalı dayanmışdır. Barəsində tətbiq edilmiş İXP ******* nömrəli protokol üzrə 09 oktyabr 2023 ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və iş üzrə icraata isə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayətin məzmununa izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. "Yol hərəkəti haqqında qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin, Qanun ön fenerlerin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri və qeydiyyat nişanı işığı yalnız ağ, arxa "stop"lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır. Göründüyü kimi bu halların olması yol hərəkəti qayda pozuntusu hesab edilməklə inzibati xətanın törədilməsi kimi qəbul edilməlidir. Bu səbəbdən hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, eyni məzmunlu şikayət üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-5201/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2187/2023 saylı qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-5201/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixli İXP5789332 saylı protokol və inzibati xəta haqqında işin digər materialları əsasında müəyyən edilmişdr ki, X4 xx.xx.2023-cü il tarixində, saat 23:27-də Y.Səfərov küçəsində “Toyota Prius(Hibrid) Minik” markalı, **-HV-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi nəticəsində X4 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, görüntülərdə avtomobilin konstruksiyası və “Toyota Prius(Hibrid) Minik” markalı, **-HV-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön işıq lampaları öz əksini tapmışdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixində, saat 23:27də Y.Səfərov küçəsində “Toyota Prius(Hibrid) Minik” markalı, **-HV-*** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən onun avtomobilində, avtomobilin istehsalçı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək “led” işıqları quraşdırması, bununla da normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməsi aşkar edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X4 normativ tələbləri pozub, nəqliyyat vasitəsinin xarici işıqlarına dəyişiklik edərək həmin modeldən olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan, başqa nəqliyyat vasitəsinə aid led işıqları quraşdıraraq konstruksiya dəyişikiliyi etmişdir ki, bu da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır, belə olan halda onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. X4 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar