Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4514/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Hüseyn Cavid Vaqif oğlu, Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində MN seriyalı, ******* saylı, 07 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə protokolu tərtib edən şəxsə geri qaytarılmalıdır. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İş materiallarından görünür ki, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulan hüquqları barədə bildiriş” Şəxs tərəfindən imzalanmamışdır ki, bu da həmin bildirişin ona təqdim edilmədiyinə, belə olan təqdirdə ona hüquq və vəzifələrinin izah olunmadığına, bildirişin sadəcə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xətai RPİ 35-ci PB-nin polis sahə inspektoru X1 tərəfindən imzalanaraq formal olaraq işə əlavə edildiyinə dəlalət edir. Eyni zamanda 07 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda şəxsə hüquq və vəzifələrinin izah olunmasına dair hissədə Şəxs imzasının olmaması yuxarıda qeyd edilən halı, yəni ona hüquq və vəzifələrinin izah olunmadığını bir daha təsdiq edir. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İş materiallarına əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol Şəxs tərəfindən imzalanmamış, protokolda sadəcə şəxsin soyadının yazılması ilə kifayətlənilmiş, eyni zamanda onun protokolları imzalamaqdan imtina etməsinə dair hər hansı bir qeyd də yoxdur ki, bu hallar da protokolun ümumiyyətlə barəsində inzibati icraat aparılan şəxsə təqdim olunmadığına, bununla da, şəxsin özü barəsində hansı inzibati xətaya görə icraat aparıldığını bilmək hüququndan məhrum edildiyinə dəlalət edir. Bundan əlavə olaraq, İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin məcəllənin 86-cı maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda gətirilmə və inzibati qaydada tutma tədbirləri tətbiq edir. Həmin məcəllənin 111.3-cü maddəsiə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxsin barəsində İXM-in 157-ci maddəsi ilə, yəni sanksiyasında həbs nəzərdə tutulan maddə ilə protokol tərtib olunmasına baxmayaraq, barəsində protokol tərtib edilmiş şəxsin məhkəmə iclasında iştirakı səlahiyyətli orqan tərəfindən təşkil edilməmişdir. Qeyd olunanan hallar təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4514/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4514/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver