Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4514/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 19 avqust 2024-cü il tarixli, 00700-00190/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Türkiyə Respublikasından 94337334 (barkod nömrəsi: **********00107), 94364007 (barkod nömrəsi: **********00108), 94364346 (barkod nömrəsi: **********00109) və **********363124 (barkod nömrəsi: **********00110) nömrəli dəmiryol nəqliyyat vasitəsi ilə daxil olmuş mallar xx.xx.2024-cü il tarixli, **********8311 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində bəyan edilmiş, lakin idxalatçı tərəfindən “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 00:48-də daxil olmuş yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsi rəsmiləşdirilmək üçün gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, hüquqi şəxsin ünvanına daxil olmuş və xx.xx.2024-cü il tarixli, **********8311 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində bəyan edilmiş mallara dair xx.xx.2024-cü il tarixli, **********4708 sorğu nömrəli qısa idxal bəyannaməsi gecikmə olmadan mallar gömrük ərazisindən keçirilməzdən bir saat əvvəl gömrük orqanına təqdim edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barələrində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 hüquqi şəxs tərəfindən ünvanlarına daxil olmuş mallara dair qısa idxal bəyannaməsinin vaxtında gömrük orqanına təqdim edildiyini, tərəflərindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini və yalnışlığa yol verilərək hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və xx.xx.2024-cü il tarixli, **********8311 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs ünvanına 94337334 (barkod nömrəsi: **********00107), 94364007 (barkod nömrəsi: **********00108), 94364346 (barkod nömrəsi: **********00109) və **********363124 (barkod nömrəsi: **********00110) nömrəli dəmiryol nəqliyyat vasitəsi ilə daxil olmuş “Dinatrium Karbonat” yükü ölkə ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 00:48 radələrində “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 avqust 2024-cü il tarixli, 00700-00190/24 nömrəli protokoldan görünür ki, hüquqi şəxsin ünvanına Türkiyə Respublikasından 94337334 (barkod nömrəsi: **********00107), 94364007 (barkod nömrəsi: **********00108), 94364346 (barkod nömrəsi: **********00109) və **********363124 (barkod nömrəsi: **********00110) nömrəli dəmiryol nəqliyyat vasitəsi ilə daxil olmuş “Dinatrium Karbonat” yükü xx.xx.2024-cü il tarixli, **********8311 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində bəyan edilmiş, lakin idxalatçı tərəfindən “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 00:48-də daxil olmuş yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsi rəsmiləşdirilmək üçün gömrük orqanına təqdim edilməmişdir. Şəxs tərəfindən 25 iyul 2024-cü il tarixdə **********4708 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək sistemə yerləşdirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iş üzrə tərəflərin çıxışlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən gömrük qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, hüquqi şəxsin ünvanına Türkiyə Respublikasından 94337334 (barkod nömrəsi: **********00107), 94364007 (barkod nömrəsi: **********00108), 94364346 (barkod nömrəsi: **********00109) və **********363124 (barkod nömrəsi: **********00110) nömrəli dəmiryol nəqliyyat vasitəsi ilə daxil olmuş “Dinatrium Karbonat” yükü xx.xx.2024-cü il tarixli, **********8311 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində bəyan edilmiş və idxalatçı tərəfindən “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 00:48-də daxil olmuş yüklərə dair xx.xx.2024-cü il tarixli, **********4708 sorğu nömrəli qısa idxal bəyannaməsi gecikmə olmadan gömrük orqanına təqdim edilmişdir. Qeyd olunan hal inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə də bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC tərəfindən ünvanına daxil olan mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisindən keçirilməzdən bir saat əvvəl gömrük orqanına təqdim edilməsinin müəyyən edildiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4514/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4514/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver