Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4522/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Salam-zadə Elçin Akif oğlunun Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salam-zadə Elçin Akif oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Salam-zadə Elçin Akif oğlu şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin sona çatması ilə əlaqədar “Asan Xidmət”ə müraciət etmiş və ona bildirmişlər ki, onun adına olan “VAZ-21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə borcları vardır. Lakin bununla əlaqədar ona 2019-cu ildən hal-hazıradək DYPİ-dən heç bir bildiriş və ya qərar göndərilməmişdir. Onun adına olan avtomobilin cərimə borclarından heç bir məlumatı olmadığına görə qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli EQ seriyalı ******* saylı elektron qərardan görünür ki, Salam-zadə Elçin Akif oğlunun xx.xx.2020-ci il tarixdə saat 09:46-da “VAZ-21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə elektron qərarın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət olunmuş və şikayət ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli EQ seriyalı ******* saylı elektron qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Salam-zadə Elçin Akif oğlunun Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4522/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4522/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver