Məhkəmə qərarları › İş №3(011)-4523/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4523/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4523/2021 30.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankdan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankdan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs MMC ******* Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 21 oktyabr 2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 noyabr 2021-ci il tarixdə,MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün inzibati xəta haqqında materialla birlikdə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC ilə Rusiya Federasiyasının Perm diyarının "xxxx" MMC arasında meşə materiallarının tədürükünə dair xx.xx.2019-cu il tarixli, 16/1 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Müqavilə” müddəalarına əks etdirən XX fəslində, həmçinin həmin Məcəllənin Xüsusi hissəsinin Vİİ bölməsində təsbit olunmuş müddəaları tam nəzərə alınmaqla bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 16/1 saylı müqavilə şərtlərinə əsasən satıcıya ("xxxx" MMC) alıcı (Şəxs MMC) xx.xx.2019-cu il tarixli, 17 saylı hesab əsasında ******* Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin vəsait müqabilində "xxxx" MMC Şəxs MMC-yə meşə materialı göndərilməli idi. Təchizat müddəti və şərtləri Müqavilənin 7.4-cü bəndinə əsasən müqavilənin qüvvə müddəti xx.xx.2020-ci il müəyyən edilmişdir. Qüvvə müddəti bitməsinə baxmayaraq "xxxx" MMC tərəfindən meşə materiaalarının tamamilə və ya qismən göndərilməsi həyata keçirilməmişdir. Qanunvericiliyin və xx.xx.2019-cu il tarixli, 16/1 saylı müqavilə tələblərinə uyğun olaraq "xxxx" MMC-yə rəsmi pretenziya göndərilmiş, həmin pretenziya nəticəsiz qaldığından 2021ci ilin iyul ayında Rusiya Federasiyasının Perm diyarının Arbitraj məhkəməsinə Şəxs MMC tərəfindən iddia ərizəsi verilmiş, iddia mahiyyəti üzrə baxılmış, məhkəmənin xx.xx.2021-ci il tarixli, A50-14834/2021 saylı qərarı ilə iddia tam təmin edilmiş, "xxxx" MMC-dən Şəxs MMCnin xeyrinə ******* Rusiya rublu məbləğində pul vəsaiti tutulması qərara alınmışdır. Məhkəmə qərarı 31 avqust 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. "xxxx" MMC hazır ki, vaxta kimi Şəxs MMC-nin xeyrinə borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində aparılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndəi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli, 16/1 nömrəli müqavilənin surətindən görünür ki, icraçı “АРАН” ООО şirkəti sifarişçi "xxxx" MMC-nin sifarişi ilə meşə materiallarının tədarükünə dair sifarişçiyə göndərməklə, onun mülkiyyətinə verməyi, sifarişçi isə ona təqdim edilmiş malın dəyərini həmin müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, ödənişlər mallar sifarişçi Şəxs MMC tərəfindən təhvil alınmadan əvvəl bank köçürməsi yolu ilə həyata keçiriləcək. İş materiallarında olan ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, 21 oktyabr 2019-cu il tarixdə Şəxs MMC-nin "xxxx" QSC-də olan bank hesabından ******* Rusiya rublu məbləğində vəsait “АРАН” ООО şirkətinin hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı məktubu və ona əlavə edilmiş sənədləri ilə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi ev 6, mənzil 7 ünvanda olan Şəxs MMC-nin 21 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, ******* Rusiya rublu məbləğində vəsaitini bank hesabından Rusiya Federasiyasında yerləşən “АРАН” ООО şirkətinin hesabına köçürməsi, lakin ödənişin aparıldığı gündən 2 il müddətində ******* Rusiya rublu məbləğində vəsaitin hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi və ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması müəyyən olunmuşdur. Şəxs MMC tərəfindən məhkəməyə ünvanlamış olan vəsatət və ona əlavə edilmiş sənədlərdən görünür ki, Perm diyar Arbitraj Məhkəməsinin xx.xx.2021-ci il tarixli, A50- 14834/2021 nömrəli qərarı ilə "xxxx" MMC-dən (614107, Perm diyar, Perm şəhəri, Metallisti küçəsi, ev 21, mərtəbə 1, VÖEN: **********) Şəxs MMC-nin xeyrinə ******* Rusiya rublu pul vəsaiti və 23683 Rusiya rublu məbləğində dövlət rüsumunun ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi X3 15 noyabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC ondan asılı olmayan səbəblərdən ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar