Məhkəmə qərarları › İş №3(011)-4524/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4524/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4524/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X8, müdafiəçisi “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 iştirakları ilə X8 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) AZN məbləğində inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermənin əsası kimi də göstərilmişdir ki, guya o, Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi almadan əcnəbi şəxsi işə cəlb etmişdir. Sözügedən qərarla razı deyil, qərar qanunsuz qəbul edilməklə, əsassızdır. Belə ki, o, rəqs müəllimidir və bir neçə tələbəsi var, hansılar ki, onun yanına ödənişli əsasla rəqs dərslərinə gəlir. Kursun rəhbəri özüdür və başqa bir işçi yoxdur. Fərdi sahibkar kimi dövlət qeydiyyatından keçərək özünə VÖEN almışdır. Vöen almaqda məqsəd isə müxtəlif tədbirlərə, konsertlərə xoreoqraf kimi dəvət alan zaman ona ödənilən ödənişin vöenə-ə bağlı hesabına ödənilməsi və gəlirindən vergini ödəmək olub. Bir neçə gün bundan qabaq ona DMX-nin əməkdaşı zəng edərək bildirib ki, Anastasiya Suturina adlı Rusiya Federasiyasın vətəndaşının guya onun yanında işləməsi ilə bağlı şikayət daxil olub. Onu izahatın alınması üçün dəvət etdilər və xx.xx.2022-ci ildə idarədə olmuşdur. Məlum oldu ki, şikayəti Anastasiya Suturinanın qeyri-rəsmi bir yerdə yaşadığı (münasibəti olduğu) şəxs edib. O, izahatı verəndə artıq Anastasiya Suturina 2 gün idi ki, miqrantların saxlanma məntəqəsində saxlanılırdı və xx.xx.2022-ci ildə o, Rusiyaya göndərilmişdi. Nəticə etibarı ilə, onun iştirakı olmadan, üzləşmə aparmadan, şikayətə və izahata etirazını bildirmək imkanı olmadan onu öz ölkəsinə göndəriblər. O, izahatında bildirmişdir ki, Anastasiya Suturina ilə bir neçə ay bundan qabaq tanış olmuşdur. O ilk dəfə onun rəqs dərslərinə gəlib, baxıb və rəqs öyrənmək üçün rəqsə yazilıb. Bir ay onun dərslərinə gəlib və ödəniş edib. Bir müddət sonra onunla görüşüb bildirmişdir ki, böyük problemləri var, evsiz və pulsuz qalıb. Səbəbini soruşduqda sevgilisi ilə ayrıldığını, qalmağa yerinin olmadığını, cibində 10 manat pulu qalmasını bildirmişdir. Ona 100 manat pul vermişdir ki, ilk zaman üçün hosteldə qala bilsin və cibində biraz pul olsun. Eyni zamanda həm də öz dərslərinə artıq pulsuz gəlməyi təklif etmişdir. Eyni zamanda Anastasiya dırnaq ustasi kimi çalışırdı. Onunla hər hansı bir əmək münasibəti olmayıb, ola da bilməzdi. Çünki yanında 1-2 ay ərzində tələbə kimi rəqs dərsi alan adamla hansı əsasla, hansı iş üçün əmək münasibətinə girməli idi?! Özü sifariş gözləyir ki, rəqqas kimi dəvət etsinlər, tədbirlərdə iştirak etsin. Müəyyən müddət sonra Anastasiyanı hərdən başqa tələbələrin də birgə bəzi çəkilişlərə, konsertlərə və flaşmoblara iştirak etməyə götürürdü. Bu çıxışlar pulsuz olurdu. Hərdən müxtəlif agentliklərdə çəkiliş üçün kastinqlər keçərkən onun da namizədliyini öz tələbələri ilə birgə təklif etmişdir. Bəzən onu çəkilişlərə dəvət edirdilər. Amma onun çəkilişlərə aidiyyatı yox idi. DMX-də ona bildirdilər ki, Anastasiya dediyinə görə ,guya onun işçisi olub və ondan pul alıb. Buna etiraz olaraq onun və şikayət verən şəxsin gəlməsini, üzləşmələri və işə obyektiv baxılmasını bildirsə də, bu etirazına baxılmamış, Anastasiyanın izahatı ona verilməmişdir, nəticə etibarı ilə hüquqları kobud şəkildə pozularaq əsassız şəkildə yüksək məbləğdə cərimə olunmuşdur. İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Kobud prosessual pozuntularla qəbul edilmiş qərarın ləğv olunnması üçün digər əsaslar da mövcuddur. Belə ki, o, qərarı aldıqdan dərhal Anastasiya Suturina ilə telefon əlaqəsi saxlamış və nə baş verdiyini maraqlanmışdır. Ona bildirmişdir ki, əvvəl münasibəti olduğu şəxs onu buranı tərk etməyə məcbur edirdi, o isə Rusiyada vəziyyətin yaxşı olmaması səbəbindən getmək istəmədiyini bildirmişdir. Həmin şəxs isə onu uzaqlaşdırmaq üçün belə bir iş görüb. Daha sonra bildirmişdir ki, DMX-də onun işçisi olmadığını, aralarında hər hansı bir əmək münasibətinin olmamasını bildirsə də, ona təzyiq edərək etirafedici izahat yazdırıblar. Bununla bağlı X3 notarial qaydada təsdiq edilmiş ərizəsini və video çəkilişini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında X12 şikayətdə göstərilənlərə uyğun izahat verərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olduğunu qeyd edərək ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil X8 əməlində inzibati xəta tərkibi olmadığından Dövlət Miqrasiya Xidmətinin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 Miqrasiya Xidmətinin 20 oktyabr 2022ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını, tərəflərin izahatını araşdırıb hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi şəxsi işə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X4 məxsus pasportun surətindən görünür ki, o, Rusiya Federasiyası vətəndaşıdır. İş materiallarında olan X3 Dövlət Miqrasiya Xidmətində xx.xx.2022-ci il tarixdə verdiyi izahatından görünür ki, onun ana dili rus dili olmasına və Azərbaycan dilini bilməməsinə baxmayaraq tərcüməçinin iştirakı olmadan ondan rus dilində izahat alınmışdır. Məhkəmə baxışı zamanı vəkil tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Moskva şəhəri notariat dairəsinin notariusu tərəfindən təsdiq edilmiş və Azərbaycan dilinə tərcümə edilmiş X3 ərizəsindən görünür ki, Azərbaycan Respublikası Miqrasiya Xidmətinə verdiyi ifadələr etibarsızdır, çünki ərizəni yazanda şok, stress, qorxu və psixoloji təzyiq altında olmuş, həm də Azərbaycan Respublikası orqanları tərəfindən hüquqlarını bilməyərək yaşayış yerini dəyişmək bəhanəsi ilə miqrasiya xidməti tərəfindən tutulmuşdur, onu iki gün saxlamış və buraxmırdılar (2022-ci ilin 12-13 oktyabr tarixi cümə axşamı və cümə günü) və ona elan etdiklərinin hamısını etiraf etməyə razı olmasaydı, onu daha bir neçə gün saxlayacaqlarını demişdirlər (ən azı bazar ertəsi gününədək). Bütün bunlar onun keçmiş sevgilisi tərəfindən qurulmuşdur, çünki Azərbaycan Respublikasını tərk etməyini istəmirdi, o da buna razı olmurdu. Bundan sonra onu miqrasiya xidmətinə ələ vermiş, guya bütün bu müddət ərzində onun qeydiyyatı olmayıb (hərçənd ki o, özü bunu onlayn qaydada etmişdi) və o 2 işdə işləmiş, bunların biri də konsertlərdə pulla çıxış etməkdir. Azərbaycan Respublikası vətəndaşı Emin Hüseynovla onun rəqs dərslərinə gedəndə tanış olmuş, onun rəqs dərslərinə yazılıb ödənişi etdikdən sonra rəqs məşğələlərinə getməyə başlamış, lakin bir aydan sonra problemləri yaranmış və o, evsiz və qidasız qalmışdır. Emin ona öz köməyini təklif etmiş və 100 (yüz) manat məbləğində pul vermişdir ki, bir müddət haradasa yaşaya bilsin. Emin ancaq onda öyrənmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Bakıda dost-tanışı yoxdur. O bir müddət hosteldə qalmışdır. Bir qədər vaxtdan sonra o, özünün rəqs kurslarına gəlməyini təklif etmiş, lakin ödənişsiz, öz problemlərindən uzaq olmaq üçün. Onun şagirdlərinin çıxışlarını görmüş və onunla birgə çıxış etməyi çox istəyirdi. Onu hansısa çıxışa götürməyini Emindən xahiş etmişdir. Bundan sonra o, konsertlərdə və ya hansısa çəkilişlərdə şagirdləri ilə çıxış etməyinə şərait yaratmış. Buna görə ona çox minnətdardır. Bu çıxışlara görə ona pul vermirdilər və heç bir maaş almırdı. Bəzən qidalanma və yaşayış, pul çatışmamazlığı ilə bağlı promlemlərini görəndə, ona 50-100 manat pul borc verərək kömək etmişdir. Bu günə kimi ona borcludur. Eminlə onun arasında heç bir əmək müqaviləsi bağlamamış və onun işçisi (əməkdaşı) olmamışdır. Onu keçmiş sevgilisi miqrasiya xidmətinə yalan məlumat verərək ələ vermişdir ki, onu tutusunlar və deportasiya etsinlər, çünki onun Bakıda qalmağını və çıxışlara davam etməyini istəmirdi. Buna da nail oldu, o çıxıb getməli oldu. RF CM 307-ci maddəsinə əsasən qəsdən yalan məlumat verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş, izahatını qəbul etməyi və işə o olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan videogörüntüyə baxış keçirilmiş və videogörüntüdə Suturina Anastasiya rus dilində notarial qaydada təsdiq edilmiş ərizəsində olan xüsusatları eyni ilə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı X6 Dövlət Miqrasiya Xidmətində xx.xx.2022-ci il tarixdə izahat verərkən Azərbaycan dilini bilmədiyi halda tərcüməçi ilə təmin edilmədən izahat alınmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan tərcüməçi dəvət etmədən qanuna uyğun olmayan şəkildə alınmış bir şəxsin ifadəsi əsasında qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 49.2-ci maddəsinə uyğun olaraq İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Göründüyü kimi iş üzrə yeganə istinad edilən sübut qanunazidd şəkildə əldə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanunazidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Dövlət Miqrasiya Xidməti tərəfindən protokol və qərar tərtib edilərkən X3 izahatına əsaslanmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. X11 xx.xx.2022-ci il tarixdə verdiyi izahatı qanunveriliciliyin tələbləri pozularaq tərcüməçi dəvət edilmədən alınmış, o, təzyiq altında izahat vermiş, buna görə də həmin izahatın sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa nəzərə alınmalıdır ki, Anastasiya Suturina notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş ərizəsindən aydın olur ki, X8 rəhbərlik etdiyi rəqs kursuna rəqs öyrənmək üçün getmişdir. Onun könüllü olaraq heç bir haqq ödənilmədən digər tələbələr kimi tədbirlərdə iştirak etməsi onun işə cəlb edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, X8 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar