Məhkəmə qərarları › İş №3(011)-4525/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4525/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4525/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və direktoru Abdulla Demirtaşın iştirakları ilə, "xxxx" MMC-nin direktoru Abdulla Demirtaşın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 19 noyabr 2021-ci il tarixində X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi nəzərə alınaraq MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 3000 (üç min) manat məbləğində inzibati cərimə olunmuşdur. Müəssisəyə tətbiq olunmuş intizam tənbehi kifayət qədər analiz edilmədiyinə, məsələyə hüquqi aspektdən yanaşılmadığına görə qanunsuz və əsassız hesab edilir. 15 oktyabr 2021-ci il tarixində müəssisədə fəaliyyət göstərən bir qrup işçi tərəfindən həmin işçiləri Əmək Məcəlləsinin 70ci maddəsinin “d” bəndinə əsasən Əmək Müqavilələrinə xitam veriləcəyi barədə bildiriş aldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xətti vasitəsilə müəssisənin əsassız əmək müqaviləsinə xitam verilməsinə görə şikayət etmişdirlər. Bunun nəticəsində sözügedən məsələ X6 Xidmətinin Bakı Şəhər İdarəsinin yurisdiksiyasına aid olduğuna görə buna münasibət bildirməkləri üçün 142 qaynar xəttindən X6 Xidmətinin Bakı Şəhər İdarəsinə yönləndirilmişdir. Şikayətin mahiyyəti həmin işçilərin səbəbsiz və əsassız olaraq işdən çıxarılması idi. Belə ki, həmin işçilər layihə rəhbərinin təqdimatı əsasında öz üzərlərinə düşən vəzifə öhdəliklərini kifayət qədər keyfiyyətlə və nöqsansız yerinə yetirə bilməmiş, buna müvafiq olaraq sınaq müddəti ərzində özlərini doğrulda bilmədikləri qənaətinə gəlinmişdir. 20 oktyabr 2021-ci il tarixində X6 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli şəxsi onlarla əlaqəyə keçmiş və həmin əməkdaşların şikayətləri üzrə zəruri sənədləri təqdim etməklərini tələb etmişlər. Zəruri sənədlərə həmin işçilərin Əmək müqavilələri, elektron bildirişlərinin surətləri, işçilərin işə qəbul, xitam üzrə əmrləri, bildirişlərinin surətləri, işdən azad olunarkən son haqq-hesablarının hesablanması cədvəli və ödənilməsi ilə bağlı bank sənədləri, işçilərin işlədiyi dövrlərə dair iş vaxtının uçotu tabellərin surəti, işçilərin işlədiyi dövrlərə dair əmək haqlarının hesablanılması və ödənilməsini təsdiq edən sənədlərin surətləri daxil idi. Bütün sadalanan sənədlər müəssisə tərəfindən X6 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilmişdir. Lakin zəruri sənədləri təqdim edərkən həmin işçilərlə bağlanılmış Əmək Müqavilələrini təqdim edə bilməmişlər. Buna səbəb isə, işə götürülən işçilərin hər biri Gəncə şəhərində işə götürülmüşdür və onlarla bağlanılması nəzərdə tutulan yazılı Əmək Müqaviləsi elektron poçt vasitəsilə göndərilmişdir. Belə ki, sözügedən işçilər 29 sentyabr 2021-ci il tarixindən işə qəbul edilməyə başlamışlar və 18 oktyabr 2021-ci il tarixində hər birinin işdən azad edilməsinə qərar verilmişdir. Keçən bu qısa müddət ərzində həmin işçilərə əmək müqaviləsi imzalatdırmaq mümkün olmamışdır. Lakin işə qəbul edilməmişdən öncə hər bir işçi əmək müqaviləsinin nümunəsi ilə tanış etdirilmiş, əmək müqaviləsinin şərtləri sadalanmış, həmçinin əmək şəraiti ilə tanış etdirilmişdir. İşçilərdən heç biri tanış etdirilmiş əmək müqaviləsi ilə bağlı təklif və şikayət bildirməmiş, həmçinin sadalanan şərtlərlə razı olduqlarını bildirmişlər. Qeyd etdikləri kimi, sözügedən işçilər Gəncə şəhərində işə götürülmüş və onlarla bilavasitə fiziki formada əmək müqaviləsi bağlamaq mümkün olmamışdır. İşçilərin hər hansı bir irad və tələbi olmadığı təqdirdə onlar işə cəlb edilmiş və elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə ilə əmək müqaviləsi bildirişləri daxil edilmişdir. Bundan sonra daxil edilmiş elektron əmək müqaviləsi bildirişləri birbaşa həmin işçilərin elektron poçt ünvanlarına göndərilmiş və həmin bildirişlərlə tanış olmuşlardır. Həmçinin, onu da qeyd etmək lazımdır ki, işçilərin əmək müqavilələrinə xitam verilən zaman işçilərin iradları onlarla bağlanmış əmək müqaviləsinin fiziki formada təqdim edilməməsi deyil, onlar əsassız işdən çıxarılması ilə bağlı idi. Yəni, həmin işçilərin hər biri Əmək Müqaviləsini imzalamağa razı idilər. Bununla yanaşı qeyd edilməlidir ki, işəgötürən tərəf olaraq işə götürülən işçilərlə əmək müqaviləsinin fiziki formada bağlanılmamasında hər hansı bir maraqları mövcud deyildi. Çünki əgər Əmək Müqaviləsinin fiziki formada bağlanılmamasında maraqlı tərəf olsa idilər, həmin işçilərin elektron bildirişlərini gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil etməzdilər. Bunun sayəsində işçilərin vergi və tutulmalarından boyun qaçıra bilərdilər. Lakin həmin işçilərin işə götürülməsində, onlar üçün ödənilən hər hansı bir vergi və tutulmalardan boyun qaçırmamış, habelə müqaviləni fiziki formada imzalada bilməsələrdə, işçilərin daha tez bir zamanda əmək haqqı ilə təmir olunmasını həyata keçirmişlər. Belə ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması, işəgötürən tərəfindən işçiyə işlədiyi işə və günə görə əmək haqqının ödənilməsi üçün Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranmalıdır. Burdan belə bir qənaətə gəlmək mümkündür ki, həmin işçilərlə aralarında əmək münasibətlərinin yaranması üçün onların elektron bildirişlərinin gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil etmək lazımdır. Həmçinin həmin məcəllənin 3-cü bəndinin 4.1-ci hissəsinə əsasən əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və direktoru Abdulla Demirtaş hər biri ayrı-ayrılıqda şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 şikayət ərizəsinin əsassız olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X7 tərəfindən 19 noyabr 2021-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 və digərləri ilə Abdulla Demirtaş arasında 29.09.2021-18.10.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsinin 2 nüsxədə tərtib olunması və tərəflərinin imzası ilə təsdiq edilməsi qaydalarının pozulmasına yol verilməsi əsas gətirilərək Abdulla Demirtaşın İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 14.10.2021 və 15.10.2021-ci il tarixli müraciət vərəqələrindən görünür ki, X8, X5 və X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət edərək "xxxx" MMC-dən səbəbsiz yerə çıxarıldıqları üçün şikayətçi olduqlarını qeyd etmişlər; əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 06.10.2021-ci il tarixdən başlayaraq 3 ay müddətinə ərazi operatoru kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və 06.10.2021-ci il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir; əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 30.09.2021-ci il tarixdən başlayaraq 3 ay müddətinə ərazi operatoru kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və 30.09.2021-ci il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir; əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 29.09.2021-ci il tarixdən başlayaraq 3 ay müddətinə ərazi operatoru kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və 29.09.2021-ci il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir; "xxxx" MMC-nin elektron poçt ünvanından əldə olunmuş fotoşəkillərdən görünür ki, X8, X5, X3 və digərlərinə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron qaydada məlumat üçün göndərilmişdir; 2021-ci il oktyabr ayı üçün əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqq hesablanması barədə çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən X8, X5, X3 və digərlərinə qanuna müvafiq qaydada son haqq hesab ödənilmişdir; "xxxx" MMC-nin direktoru Abdulla Demirtaşın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, qeyd olunan əməkdaşlarla fəaliyyət göstərdikləri müddət ərzində bağlanması nəzərdə tutulan əmək müqaviləsini bağlamaq mümkün olmamışdır. İşə başlama və işlə tanış olma ərəfəsində əməkdaşlar müqavilənin bütün şərtləri ilə “Whatsapp” tətbiqi vasitəsi ilə tanış olmuşlar və heç bir etirazlarının olmadıqlarını bəyan etmişlər. Həmin əməkdaşlar Gəncə şəhərində fəaliyyət göstərdikləri üçün müqaviləni birbaşa kağız formatda təqdim etmək mümkün olmamış, əmək münasibətləri pozulduğu təqdirdə əmək müqavilələrini imzalamaqdan boyun qaçırmışlar. Sözügedən əməkdaşlar gündəlik olaraq layihə rəhbərlərinə və direktora gördükləri iş barədə hesabat göndərmişlər. Belə olan halda, əmək müqaviləsini bağlamaq istəməyən, şərtləri ilə razı olmayan və müəssisə ilə əmək münasibətlərinin yaranmasında maraqlı olmayan şəxs gündəlik olaraq tapşırılmış işləri yerinə yetirməz və buna uyğun olaraq hesabat təqdim etməzdi. Əlavə olaraq qeyd edilməlidir ki, adları qeyd olunan əməkdaşların müəssisə ilə aralarında yaranmış məsələnin predmeti onlarla bağlanılmalı olan əmək müqavilələrini imzalamamaqları deyil, əsassız səbəbdən işdən çıxarılmalarıdır; əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat vərəqəsindən görünür ki, "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş ilə X5 arasında bağlanmış 30.09.2021-ci il tarixli əmək müqaviləsi 62VDNKL000400 nömrəsi ilə elektron informasiya sistemində həmin tarixdə qeydiyyata alınmışdır; əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat vərəqəsindən görünür ki, "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş ilə X8 arasında bağlanmış 29.09.2021-ci il tarixli əmək müqaviləsi 3451FTU000400 nömrəsi ilə elektron informasiya sistemində həmin tarixdə qeydiyyata alınmışdır; əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat vərəqəsindən görünür ki, "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş ilə X3 arasında bağlanmış 06.10.2021-ci il tarixli əmək müqaviləsi 6J3EG05000100 nömrəsi ilə elektron informasiya sistemində həmin tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 19 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X4 və digərləri ilə Abdulla Demirtaş arasında 29.09.2021-18.10.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsinin 2 nüsxədə tərtib olunması və tərəflərinin imzası ilə təsdiq edilməsi qaydalarının pozulmasına yol verilməsi əsas gətirilərək Abdulla Demirtaşın İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Buna əsas isə X8, X5 və X1 yerə işdən çıxarılmaları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayətlə müraciət etmələri olmuşdur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və onlara əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, İXM-nin 192.1-ci maddəsinə əsasən xəta tərkibinin yaranması üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə yarana bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsində isə qeyd edilmişdir ki, əmək müqaviləsi əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişləri daxil edilmiş, həmin bildirişlər elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin elektron poçt ünvanından əldə olunmuş fotoşəkillərdən məlum olduğu kimi əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi məlumat üçün işçilərə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Abdulla Demirtaş tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə riayət olunduğundan, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru Abdulla Demirtaşın barəsində qəbul edilmiş 19 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Abdulla Demirtaşın şikayəti təmin edilsin. Abdulla Demirtaşın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar