Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4526/2021 16.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 03.10.2021-ci il tarixdə ona məxsus olan “Mercedes” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol verməyərək “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq mənzil başına çatmışdır. Lakin 04.10.2021-ci il tarixdə “Asanpay” kabinetinə qayda pozuntusu ilə bağlı EQ ******* nömrəli elektron protokol daxil olmuşdur. Protokolla bağlı BDYPİ ünvanladığı şikayət ərizəsinə düzgün baxılmamış və çıxarılan qərarla razılaşmamışdır. Tərtib olunmuş protokol tam qeyri qanunidir. Beləliklə o, barəsində tərtib olunmuş 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında onun “Mercedes” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğu göstərilsə də, tərəfindən əldə edilmiş və məhkəməyə təqdim olunmuş fotoşəkildə ona məxsus olmayan və dövlət qeydiyyat nişanı görünməyən nəqliyyat vasitəsi tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. Odur ki, o, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 03 oktyabr 2021-ci il tarixində, saat 18:23-də Hacıqabul Horadiz yolunun 24 km ərazisində “Mercedes Benz E270 CDİ minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Z.Abbasovun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu göstərilmiş və o, İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərara əsasən X4 “Mercedes Benz E270 CDİ minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu əsas gətirilərək İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X5 məhkəmə inzibati xəta hadisəsi ilə əlaqədar fotoşəkil təqdim edərək qeyd etmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən barəsində 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərar qəbul edilsə də, həmin fotoşəkildə ona məxsus olmayan və dövlət qeydiyyat nişanı görünməyən nəqliyyat vasitəsi tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X5 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulub-pozulmaması araşdırılmadan onun barəsində 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Zamin Abbasova ünvanlanmış 04.11.2021-ci il tarixli 118896A-4221 saylı məktubda sonuncu tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması halının ərazi üzrə quraşdırılmış videonəzarət kamerası vasitəsi ilə aşkar olunduğu qeyd edilsə də, sübut əhəmiyyətinə malik olan həmin videogörüntülər səlahiyyətili orqan tərəfindən məhkəməyə təqdim olunmamış, əlavə olaraq qərrar qəbul edilərkən şəxsin iştirakı ilə həmin videogörüntü tədqiq edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 03.10.2021-ci il tarixli, EQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində 03 oktyabr 2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 03 oktyabr 2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 03 oktyabr 2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4526/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4526/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver