Məhkəmə qərarları › İş №3(011)-4568/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4568/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4568/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə **********0504 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 641.67 ABŞ dolları (1090.84 manat) məbləğində vəsait MMC-nin müvəkkil bankda olan hesabına köçürülməmişdir. Buna görə də Şəxs MMC barəsində 18 sentyabr 2023-cü il tarixli 00800-00577/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********0504 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 641.67 ABŞ dolları (1090.84 manat) məbləğində vəsait müvəkkil bankda olan hesabına köçürülməmişdir. İş materiallarında olan **********0504 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac edilmiş yüklər xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxs Şəxs MMC tərəfindən tərəfindən konsiqnasiya yolu ilə ixrac edilmiş yüklər xx.xx.2022-ci il tarixdə bəyan edilmiş, həmin yük müqabilində köçürülməli olan məbləğ bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində, yəni xx.xx.2022-ci il tarixədək köçürülməli idi. Göründüyü kimi həmin gündən 01 ildən çox vaxt keçmişdir. Bununla da, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xətanın törədildiyi gündən bir ildən çox vaxt keçmişdir. Bu kateqoriya işlər üzrə inzibatı xətanın baş vermə anı 180 günün bitməsindən başlayır və bu tarixdən bir il keçdikdə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş olur. Bu konkret inzibati xətadır və bu kateqoriya olan inzibati xətalar uzanan inzibati xətalara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar