Məhkəmə qərarları › İş №3(011)-4596/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4596/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4596/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Xətai Rayon Polis İdarəsi 37-ci Polis bölməsinin inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə axşam saat 9 radələrində Ağ şəhər ərazisində yaşadığı ünvan yaxınlığında polis əməkdaşı şikayətçiyə yaxınlaşaraq tütün məmulatlarını yerə tulladığını bildirmişdir. Həmin vaxt şikayətçi həmin yerdə yoldaşını gözləmiş, qalığını əlində olan boş kofe qabına atmışdır. Bunu polis əməkdaşına bildirərək kofe qabını ona göstərmiş, lakin polis buna heç baxmaq belə istəməmişdir. Bu zaman ikinci bir polis əməkdaşı ona yaxınlaşmış və külü yerə çırpdığını bildirmişdir. Halbuki həmin ərazidə tək olmuş və heç kimi narahat etməmişdir. İkinci polis ona maşına oturmağını söyləmiş, o isə etiraz etmiş, polis onu qorxutmağa başlamışdır. Polis onun üzərinə gəlmiş, o isə qaçıb polisin əlindən qurtulmuşdur. Bu zaman etirafı olmadan və imza çəkmədən barəsində əsassız cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai Rayon Polis İdarəsi 37-ci Polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 Rayon Polis İdarəsi 37-ci Polis bölməsinin 05 iyul 2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın qəbuluna əsas olan hal şikayətçinin tütün məmulatları tullantılarını ətraf mühitə atması olmuşdur. Tərtib edilmiş protokolda və inzibati tənbeh vermə haqqında qərarda şikayətçinin yol verdiyi pozuntu barədə əsaslandırılmış faktlar qeyd edilməmiş, onun pozuntuya yol verməsi barədə səlahiyyətli orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməli və icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayəti təmin edilməli, barəsində Xətai Rayon Polis İdarəsi 37-ci Polis bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Xətai Rayon Polis İdarəsi 37-ci Polis bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar