Məhkəmə qərarları › İş №3(011)-4611/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4611/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4611/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Fuad Əsgərovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1975-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 08 iyul 2025-ci il tarixdə Xətai rayonu, Rahib Məmmədov küçəsində yüksək səslə qışqıraraq nalayiq ifadələr işlətmiş və həmçinin xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Fuad Əsgərov tərəfindən 09 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, çöldə səs-küy eşidərək çıxmış, əsəbi olduğu üçün polislərlə kobud danışmış, lakin heç vaxt polisə qarşı nalayiq ifadələr işlətmək fikrində olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Yaşını, xəstə olmasını və səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru polis leytenantı Fuad Əsgərov izahatında göstərdi ki, 08 iyul 2025-ci il tarixdə saat 22:15 radələrində X1 Alayının əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov 20A ünvanında xidmətdə olarkən bir nəfər xanımın ucadan nalayiq ifadələr işlətdiyini görmüş, yaxınlaşaraq özlərini təqdim etmişlər. İçkili vəziyyətdə olan xanım nalayiq ifadələri işlətməyə davam etmiş, özünü təqdim etməkdən imtina edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu zaman o 36-cı PŞ-nə dəvət edilmiş və şöbədə məlum olmuşdur ki, xanım xx.xx.1975-ci il təvəllüdlü Şəxsdır. Daha sonra Şəxs barəsində 09 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyul 2025-ci il tarixdə Xətai rayonu, Rahib Məmmədov küçəsində yüksək səslə qışqıraraq nalayiq ifadələr işlətmişdir. İctimai qaydanı pozaraq, xırda xuliqanlıq etmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 09 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, 08 iyul 2025-ci il tarixdə Xətai rayonu, Rahib Məmmədov küçəsində polisin qanuni tələblərinə tabe olmamış və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 09 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyul 2025-ci il tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 09 iyul 2025-ci il tarixli 2/38341 №-li tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi ortadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 535-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi əvvəllər məhkum olunmamasını, səmimi peşmanlığını, yaşını, xəstə olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və sərxoş olmasını məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar