Məhkəmə qərarları › İş №3(011)-4612/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4612/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4612/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əmiraslanova Tamella Mürşüd qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 15 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2495/2023 saylı, 27 aprel 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2231/2023 saylı, 27 aprel 2023-cü il tarixli, Bakı şəhəri 40 saylı notariat kontorunun 3149 saylı, 31 avqust 2022-ci il tarixli və Bakı şəhəri 54 saylı notariat kontorunun 8İ-7329 saylı, 26 noyabr 2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən MN ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2495/2023 saylı, 27 aprel 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2231/2023 saylı, 27 aprel 2023-cü il tarixli, Bakı şəhəri 40 saylı notariat kontorunun 3149 saylı, 31 avqust 2022-ci il tarixli və Bakı şəhəri 54 saylı notariat kontorunun 8İ-7329 saylı, 26 noyabr 2023cü il tarixli icra sənədlərinə əsasən, Şəxs icra məmurunun tələblərini icra etməmişdir. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o, maddi çətinliyi olduğundan ödəniş edə bilməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2495/2023 saylı, 27 aprel 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2231/2023 saylı, 27 aprel 2023-cü il tarixli, Bakı şəhəri 40 saylı notariat kontorunun 3149 saylı, 31 avqust 2022-ci il tarixli və Bakı şəhəri 54 saylı notariat kontorunun 8İ-7329 saylı, 26 noyabr 2023-cü il tarixli icra sənədlərini icra etməmişdir. İşləmədiyi üçün maddi vəziyyətində çətinliklər olmuşdur və bu səbəbdən ödəniş edə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2231/2023 saylı, 27 aprel 2023-cü il tarixli icra sənədindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər Şəxs və X3 10000 manat əsas, 2644.77 manat faiz borcu olmaqla, cəmi 12644.77 manat (on iki min altı yüz qırx dörd manat yetmiş yeddi qəpik) pul vəsaiti tutularaq iddiaçı “X10” Bakı filialına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 127.93 (bir yüz iyirmi yeddi manat doxsan üç qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər Şəxs və X3 tutularaq iddiaçı “X10” Bakı filialına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2495/2023 saylı, 27 aprel 2023-cü il tarixli icra sənədindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər X2 və Şəxs müştərək qaydada 7000 (yeddi min) manat əsas borc, 1.925,50 (bir min doqquz yüz İyirmi beş manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8.925,50 (səkkiz min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat kredit borcu və 109.26 (bir yüz doqquz manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "X10" Bakı filialına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 06 iyul 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 06 iyul 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-972/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Şəxs məxsus “Ford Transit” yük markalı **-NG-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri 40 saylı notariat kontorunun 3149 saylı, 30 avqust 2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 779 manat 14 qəpik pul tutulmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 sentyabr 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 sentyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 26 sentyabr 2022-ci il tarixli icra ödənişinin alınması haqqında qərardan görünür ki, borclu Şəxs 57 manat məbləğində icra ödənişi alınması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 3(011)- 4759/2023 saylı qərardan çıxarışın surətindən görünür ki, Əhmədov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Bakı şəhəri 54 saylı notariat kontorunun 8İ-7329 saylı, 25 noyabr 2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 57 manat 21 qəpik pul tutulmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 14 dekabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 14 dekabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-1 maddəsinə əsasən, İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar