Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-462/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də aparıcı mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Rauf Əlimərdanovun 15 dekabr 2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai İ30” markalı, **-UK-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozması nəticəsində idarə etdiyi “Hyundai İ30” markalı, **-UK-*** d.q.n-lı avtomobilin arxa hissəsi ilə piyada X1 nahiyəsindən vurması nəticəsində piyada X6 YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə işlədiyi “Ağ şəhərdə” yerləşən ofisdən çıxıb dostu Həsənzadə Məsutu onun işlədiyi ofisdən götürmək məqsədilə yaxınlaşdığı “Amay” ticarət mərkəzinin qarşısında Nəcəfqulu Rəfiyev küçəsində Məsut idarə etdiyi “Hyundai İ30” markalı, **-UK-*** d.q.n-lı avtomobilə əyləşdikdən sonra, o, avtomobili təxminən 5-10 km/saat sürətlə sağdan 2-ci zolaqla geriyə doğru hərəkət etdirən zaman idarə etdiyi avtomobilin arxa sol hissəsi piyada zolağında hərəkət edən qadının sağ nahiıyyəsindən dəyməsi nəticəsində qadın yerə yıxılmışdır. O, avtomobildən enib qadının səhhəti ilə maraqlandıqda qadın xəsarətinin olmadığını bildirərək getmək istəsə də, xanımı tibbi müayinəyə aparmağı təklif edib avtomobilə əyləşdirərək “Mediland” klinikasına gətirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayətinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərəçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 10 dekabr 2024-cü il tarixli, 1268 saylı ekspert rəyinin surətindən görünür ki, X2 diz oynağı və baldır nahiyəsinin dərialtı hematoması, hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 2/67733 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Rauf Əlimərdanovun 15 dekabr 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X6 Bakı şəhəri Xətai RPİ-nin TŞ-də verdiyi izahatında qeyd etmişdir ki, 05.12 2024-cü il tarixdə təxminən saat 18:15 radələrində işlədiyi “ASAN Xidmət Mərkəzi” 2-dən çıxıb piyada evə gedən zaman Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi ilə piyada keçidinə daxil olub adi yerişlə piyada keçidində 2-3 metr irəlilədikdən sonra sağ tərəfdən geriyə doğru hərəkət edən “Hyundai İ30” markalı avtomobilin arxa sol hissəsi ilə onun sağ nahiyəsindən vurması nəticəsində o, yerə yıxılmışdır. Daha sonra sürücü onu müayinə olunması üçün həkimə aparmışdır. Hadisə zamanı ciddi bir xəsarəti olmadığı üçün sürücü Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-462/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-462/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver