Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4623/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ tərəfindən qəbul edilmiş 03.12.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ tərəfindən qəbul edilmiş 03.12.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayəti müdafiə edərək göstərdi ki, Bakı şəhəri Xətai rayonu Nobel prospektində idman sağlamlıq mərkəzini icarəyə götürmüşdür. 03.12.2021-ci il tarixdə saat 23:45-də polis əməkdaşları gəlmiş, karantin qaydalarına riayət olunmasının şahidi olmuşlar. Buna baxmayaraq, ona göstəriş verildiyini, bu səbəbdən protokol yazmalı olduqlarını demiş, buna etiraz etmişdir. Xeyli müzakirədən sonra etirazına baxmayaraq protokol tərtib edilmiş, protokolu imzalamayaraq etiraz etmişdir. Daha sonra, dəvət edilmədən və xəbəri olmadan cərimə edilmiş, ona bu barədə sms gəlmişdir. Qərarın surətini 15 dekabr 2021-ci il tarixdə əldə edərək dərhal məhkəməyə müraciət etmişdir. O, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmamış, bu barədə polis əməkdaşının hər hansı sübutu olmamışdır. Polislər gələn zaman işçilər X1 və X4 da orada olmuş, onlar da onun dediklərini təsdiq edə bilərlər. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, o, həmin mərkəzdə mühafizəçi kimi işləyir. 03.12.2021-ci il tarixdə saat 23:45-də polis əməkdaşları gəlmiş, hər şeyin qaydalara uyğun olduğunu görmüş, lakin ptorokol yazmalı olduqlarını demişlər. Həmin vaxt obyektdə müştəri olmamış, mühafizəçi kimi o və digər işçi X4 olmuşdur. Məhkəmə iclasında şahid X4 oxşar izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçini, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 03.12.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X3 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilərək barəsində protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ tərəfindən qəbul edilmiş 03.12.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X5 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər iki dörd min manatdan dörd dörd min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində 03.12.2021-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ onun 4000 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 03.12.2021-ci il tarixli, EPQ ******* saylı qərar qəbul olunmuşdur. Məhkəmə iclasında şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut olunmamışdır. Belə ki, şahidlər qeyd edilən tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yol verilmədiyini bildirmiş, 03.12.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda xətanı təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, şikayətçinin inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, 03.12.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilməli, şikayətçinin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİnin 37-ci PŞ tərəfindən qəbul edilmiş 03.12.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata X3 təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4623/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4623/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver