Məhkəmə qərarları › İş №3(011)-4624/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4624/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4624/2021 30.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və X2 iştirakı ilə, X2 Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 21.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 21.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin, Xətai rayonunda yerləşən “Victoria” Şadlıq evində baş süfrəçi (ofisiant) işləyir. 21.11.2021-ci il tarixində qanunvericiliyin tələblərinə uyğun olaraq müdüriyyət toy sifarişi alaraq keçirmişdir. Həmin toy məclisində 150 nəfər iştirak edirdi. Toyun gedişi zamanı polis əməkdaşları şadlıq sarayına gəlmişlər. Həmin vaxtı şadlıq sarayının rəhbərliyi sarayda olmamışdır. Polis əməkdaşları müdriyyətın olmamasından istifadə edərək əsassız və qanunsuz olaraq barəsində inzibati cərimə protokolu tətbiq edərək, müvafiq qərar çıxarmışlar. Bu cərimə ona “SMS” məlumat aldıqdan sonra məlum olmuşdur. Barəsində çıxarılan qərar tam qanunsuz və əsassızdır. Bakı şəhəri, Xətai RPİ 34-cü polis bölməsinin rəisi X5 tərəfindən çıxarılan qərarın əsaslandırıcı və nəticə hissəsi bir-birinə ziddiyətlidir. Bu isə həmin qərarın qeyri-ciddi olduğunu, hansı üsulla olursa olsun və hansısa maraqlardan irəli gələrək çıxarıldığını təsdiq edir. Belə ki, AR İXM-nin 211.1-ci maddəsi fiziki şəxslər üçün nəzərdə tutulur. Lakin qərarın nəticə hissəsində barəsində 4.000 manat cərimənin tətbiq olunduğunu göstərilmişdir. Həmin məbləğ vəzifəli şəxslər üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göstərilən hal cərimənin ona düzgün tətbiq edilmədiyini göstərir. ARX İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. O, şadlıq evində heç bir vəzifə tutmadığından barəsində hər hansı inzibati aktın tərtib edilməsi qanunsuzdur. İnzibati xətalar üzrə icraat sübutlara söykənməlidir. AR İXM-nin 77.2-ci maddəsinə maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Barəsində inzibati xəta haqqında qərar çıxaran orqan faktiki olaraq vəzifədən sui-istifadə etmiş, heç bir sübut olmadan cərimə tətbiq etmişdir.Xətanın mahiyyəti belə qərarda və protokolda açıqlanmamışdır. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən EPQ1191249 nömrəli 21.11.2021 -ci il tarixli qərar ləğv edilməlidir: Çıxarılan qərara heç bir sübuta söykənməmişdir. Heç bir vəzifəsi olmadığı halda barəsində qərar çıxarılmış. Qərar qeyrimüəyyəndir. Hansı əsaslarla barəsində 4.000 manat cərimə tətbiq edilməsi göstərilməmişdir. Yuxarıda qeyd olunanlar onun şikayətinin qanuni və əsaslı olmasını təsdiq edir və bu səbəbdən ləğv olunması zəruridir. Göstərilənlərə əsasən xahiş etmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəisi X3 çıxardığı EPQ1191249 nömrəli 21.11.2021 -ci il tarixli qərarın ləğv edilməsinə dair qərar çıxarılsın. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialında olan Xətai RPİ 34-cü Polis Bölməsinin rəisi Məhşur Hüseynov tərəfindən qəbul edilmiş 21.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xətanın mahiyyəti və əməlin nədən ibarət olması, törədildiyi yer və vaxt qərarda göstərilməmişdir. X1 fiziki şəxs kimi göstərilsə də, vəzifəli şəxs kimi cərimələnmişdir. Şəxsin vəzifəli şəxs statusunda olmasını təsdiq edən sənədə protokolda və qərarda istinad edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərardan şikayət vermək hüququ və müddəti göstərilməlidir. Qərar vəzifəli şəxs tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında qərarda müəyyən edilmiş hallar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 barəsində heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Qərarda və protokolda xətanın mahiyyəti göstərilməmişdir.Sübutlara istinad edilməmişdir. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq barəsində 4000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxsin statusunü müəyyən etmək üçün əmək müqaviləsinin olub olmaması araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 115.1.8-ci maddəsinə əsasən qərardan şikayət verilməsi müddəti və qaydası qərarda göstərilməlidir. Xətai RPİ 34-cü Polis Bölməsinin rəisi Məhşur Hüseynov tərəfindən qəbul edilmiş 21.11.2021-ci il tarixli qərardan məlum olur ki, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 21.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti qismən təmin edilsin. Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 21.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar