Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4641/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 21 noyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Tovuz Rayon Məhkəməsinin 8-1(062)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb 25 mart 2011-ci il tarixdə anadan olmuş Nərmin, 13 may 2014-cü il tarixdə anadan olmuş Nuray və 10 iyun 2017-ci il tarixdə anadan olmuş Amin adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra vərəqəsi üzrə yaranmış 2140 manat məbləğində aliment ödənişi tələbkara ödənilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Lakin o, icra vərəqəsini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən 2140 manat aliment borcu yaranmışdır. Buna görə də barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, alimenti ödəməkdən imtina etmir. Hal-hazırda heç bir yerdə işləmir, hər ay 420 manat ödəməyə maddi imkanı çatmır. Bu günədək 820 manat ödəniş etmiş, hər ay bacardığı qədər ödəniş etməyə çalışır. Adına hər hansı əmlak yoxdur. Hazırda bir uşağın da onda olduğunu və bu uşağa görə aliment kəsildiyini, Zərərçəkmiş şəxs da bu alimentə görə ona ödənilməli 900 manata yaxın borcu olduğunu bildirmişdir. Bu məbləğ çıxıldığı təqdirdə Sadıqovaya cəmi 1240 manat borcu olmuş olur. Aliment ödəməkdən qəsdən yayınmadığını, maddi imkanının pis olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən Şəxs hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb ona verilməlidir. Həmin icra vərəqəsi üzrə yaranmış 2140 manat məbləğində aliment ödənişi ona ödənilməmişdir. Buna görə də borclunun barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa onun da bir uşağa görə Şəxs 900 manata yaxın aliment borcunun olmasını və həmin məbləğin Behbudovun ona olan 2140 manatdan aliment borcundan çıxılmasını və qalan borcun isə ödənilməsini tələb etmişdir. Məhkəmə icra məmurunun, borclunun, zərərçəkmiş şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş qətnaməni tam və düzgün icra etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu xüsusatlar məhkəmə iclasında borclu və tələbkarın səmimi etirafları və digər iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4641/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4641/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver