Məhkəmə qərarları › İş №3(011)-4658/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4658/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4658/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" MMC Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «FİAT DOBLO» yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi və "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Lakin "xxxx" MMC-nin nümayəndəsi 04 oktyabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə etiraz yerləşdirərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən İXP ******* nömrəli, 17 may 2024-cü il tarixli protokol tərtib edilmiş, inzibati tənbeh tətbiq edilməsi üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Polis İdarəsi DYP Şöbəsi tərəfindən tərtib olunmuş protokola əsasən, Cəmiyyət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, həmin maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Bildirir ki, Cəmiyyətin ünvanı ilə bağlı Xətai Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixində məktub göndərilmiş və bu sənəd Xətai RPİ DYP Şöbəsi tərəfindən təhvil alınmışdır. Məktubda bütün sorğuların və məktubların Cəmiyyətin hüquqi ünvanına deyil, faktiki fəaliyyət göstərdiyi ünvana göndərilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, sözügedən sorğu Cəmiyyətin hüquqi ünvanına göndərilmişdir. Belə olduğu təqdirdə, sorğu, ümumiyyətlə, Cəmiyyət tərəfindən təhvil alınmamışdır. Xəbərnamədə təhvil alan kimi imza edən şəxsin Cəmiyyətlə heç bir əlaqəsi, əmək münasibəti mövcud deyildir. Xətai Rayon Polis İdarəsi məhkəməyə sorğunu təhvil alan şəxsin Cəmiyyətlə əlaqəsini müəyyən edən hər hansı bir təsdiqedici sənəd təqdim etməmişdir. Bu faktı əsas götürərək, sorğunun düzgün və qanunvericiliyə uyğun şəkildə Cəmiyyətə təqdim edilmədiyini bildirmişlər. Odur ki, Xətai Rayon Polis İdarəsi tərəfindən Cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmuşdur. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlmiş əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Lakin yuxarıda göstərilən işin hallarından aydındır ki, Cəmiyyətin belə bir niyyəti, o cümlədən hərəkəti mövcud olmamışdır. O da qeyd olunmalıdır ki, inzibati tənbehin məqsədləri şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Odur ki, Xətai Rayon Polis İdarəsi DYP Şöbəsi tərəfindən Cəmiyyət barəsində tərtib edilmiş Protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi və "xxxx" MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusu 17 iyun 2024-cü il tarixdə "xxxx" MMC-yə göndərilmiş, sorğu 10 may 2024-cü il tarixdə “Abdullayev” soyadlı şəxs tərəfindən qəbul edilərək imzalanmışdır. Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusundan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan «FİAT DOBLO» yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 15:34-də idarə etmiş fiziki şəxs haqqında sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməsi bildirilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin, "xxxx" MMC-yə təqdim edilməsi təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin "xxxx" MMC-yə ünvanladığı sorğudan görünür ki, "xxxx" MMC-nin balansında olan «FİAT DOBLO» yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin törətdiyi qayda pozuntusu barədə məlumat verilməsi ilə bağlı olan sorğu icra olunması üçün həmin "xxxx" MMC-nin ünvanına göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, həmin xəbərnamə “Abdullayev” tərəfindən qəbul edilmiş və imzalanmışdır, lakin "xxxx" MMC-nin nümayəndəsinin elektron katinetə yerləşdirdiriyi etirazdan görünür ki, “Abdullayev” şirkətin əməkdaşı deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar