Məhkəmə qərarları › İş №3(011)-4660/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4660/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4660/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X8 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 25 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X6 sorğusuna əsasən mülkiyyətində olan «Fiat Doblo minik» markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X7 verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon DYP tərəfindən İXMnin 347-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Həmin protokolda və qərarda qeyd etmişdir ki, guya hüquqi şəxsə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon DYP İdarəsi guya məktubla Şəxs MMC-yə sifarişli poçtla məktub göndərmiş, guya həmin məktub xx.xx.2024-cü il tarixdə “Babayev” imzası ilə hüquqi şəxs tərəfindən qəbul edilmişdir. Lakin Şəxs MMC-nin “Babayev” soyadlı işçisi yoxdur. Ümumiyyətlə belə bir işçisi olmamışdır. Şəxs MMC-nin ştat cədvəli, işçilərin əmək müqavilələrinin təsdiqi və xitamı cədvəldə təqdim olunmuşdur. Eyni zamanda bildirməlidir ki, Bakı şəhəri Xətai rayon DYPİ tərəfindən Şəxs MMC-nin hüquqi ünvanına hər hansı bir bildiriş göndərilməmişdir. Poçt göndərişinin verilməsi haqqında qəbzdə məktubun kimə və hara göndərilməsi qeyd olunmamışdır. Bu halları təsdiq edən xüsusatlar Xətai rayon DYP-nin məhkəməyə göndərdiyi inzibati xəta barədə materiallarla təsdiq olunur. İş materiallarında olan poçtun xəbərnaməsinin birinci üzündə olan ştampdan görünür ki, göndərilən poçt indeksi AZ1129 olmuş, məktubun çatma yeri olan poçt indeksi isə AZ1031 ştamplıdır. Belə ki, Şəxs MMC-nin hüquqi ünvanı üzrə yəni – ünvan 2 poçt indeksi olan poçt şöbəsi deyil, AZ1027 indeksi olan poçt şöbəsi xidmət edir. Əgər Bakı şəhəri, Xətai rayon DYPİ tərəfindən Şəxs MMC-nin hüquqi ünvanına bildiriş göndərilmiş olsa idi, poçt qəbzinin üzərində AZ1027 poçt indeksi olmuş olardı. Bu xüsusatlar da bir daha təsdiq edir ki, Bakı şəhəri Xətai rayon DYPİ tərəfindən Şəxs MMC-nin hüquqi ünvanına hər hansı bir bildiriş göndərilməmişdir. Hazırki halda Xətai rayon DYPİ tərəfindən inzibati xətanın kimin tərəfindən törədilməsi barədə məlumat Şəxs MMC-nin vəzifəli şəxsinə qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində olan «Fiat Doblo minik» markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:56-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən «Fiat Doblo minik» markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxsndən xahiş olunmuşdur; SX010876415AZ saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 sorğu məktubu xx.xx.2024-cü il tarixdə xəbərnaməyə «Babayev» soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 İnzibati təcrübə üzrə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 25 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 sorğusuna əsasən mülkiyyətində olan «Fiat Doblo minik» markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X7 verməmişdir; Şəxs tərəfindən təqdim olunmuş müəssisədə çalışan işçilərin ştat cədvəlindən görünür ki, «Babayev» soyadlı şəxs Şəxs MMC-nin işçisi deyildir və şirkətlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 sorğu məktubunun xx.xx.2024-cü il tarixdə «Babayev» soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilməsi göstərilsədə, Şəxs tərəfindən təqdim olunmuş arayışa əsasən MMC-də çalışan işçilərin arasında «Babayev» soyadlı şəxsin işləməsi müəyyən olunmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs səlahiyyətli orqanın sorğu məktubunu qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar