Məhkəmə qərarları › İş №3(011)-4663/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4663/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4663/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Bakı şəhəri X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhər X8 İdarəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Lakin qeyd edilən qərar qəbul edilərkən bir sıra maddi və prosesual hüquq normaları kobud şəkildə pozulmuşdur. Aşağıda göstərilən əsaslara və Avropa İnsan Hüquqları Məhkəməsinin analoji işlərində qəbul edilmiş presedent qərarlara istinadən hesab edir ki, Bakı şəhər DYPİ-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır və ləğv edilməlidir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilinəsi qərarı qəbul olunmalıdır. xx.xx.2025-ci il tarixdə saat 07:57 radələrində Neapol küçəsindən Ukrayna dairəsi istiqamətinə hərəkət edərkən, dairədə 2-3 dəqiqə qədər hərəkət edən nəqliyyat vasitələrini gözlədikdən sonra dairəyə daxil olmuş və Rahib Məmmədov küçəsi istiqamətinə hərəkət etmişdir. Yol patrul xidməti tərəfindən saxlanılmış və ona bildirilib ki, yolayrıcını keçmə qaydalarını pozmuşdur, dairədə hərəkət edən avtomobilə yol verməmişdir. Şikayətçi yol patrul xidməti inspektoruna bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə dairədəki avtomobil arasında kifayət qədər ara məsafəsi mövcud idi və onun hərəkət trayektoriyasına, sürətinə və təhlükəsizliyinə təsir göstərməmişdir. İnspektor görüntünün mövcud olduğunu bildirib, lakin bugünədək həmin görüntü təqdim edilməyib. Şikayətçi xx.xx.2025-ci ildən etibarən 2 dəfə müvafiq orqanlara müraciət etmiş, həm görüntünün, həm də inzibati tənbeh haqqında qərarın təqdim edilməsini tələb etmişdir. Lakin ona heç bir sübut və qərar təqdim edilməyib. Yolayrıcını keçmək zamanı dairədə olan digər nəqliyyat vasitəsinə real təhlükə və ya fiziki maneə yaratmadan hərəkət etmişdirsə, bu hal inzibati xəta tərkibi yaratmır və məsuliyyətə səbəb olmamalıdır. Belə yanaşmaya əsaslanaraq şikayətçi dairəyə daxil olarkən heç bir avtomobilə yol verməmək nəticəsində real təhlükə yaratmamışdır. Bu səbəbdən, təkcə kameraya düşən görüntülər və ya inspektorun ümumi müşahidələri əsasında inzibati tənbeh tətbiq edilməsi qanuni əsaslara malik deyil, bu qərar subyektiv və qeyri-obyektiv qiymətləndirməyə əsaslanır. Maneə və təhlükəsizlik baxımından isə dairədəki nəqliyyat vasitəsilə aralarında kifayət qədər məsafə olub və şikayətçi manevri təhlükəsiz şəkildə həyata keçirmişdir. Heç bir digər sürücü və ya hərəkət iştirakçısının hüquqları pozulmayıb. Şikayətçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında izahat verən Bakı şəhəri X9 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, şikayətçi tərəfindən inzibati xətaya yol verildiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 07:57-də “Toyota Camry” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 hərəkətdə olduğu ərazidə yol ayrıcını keçmə qaydalarını pozaraq əsas yolla hərəkətdə olan avtomobilə yol verməyərək hərəkəti davam etdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X5 qanun pozuntusuna yol vermiş, bununla da haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar