Məhkəmə qərarları › İş №3(011)-4686/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4686/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4686/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Xətai RPİ-nin 36-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* və MN ******* saylı protokollar tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanından X3 məxsus su sayğacını gizli talamışdır. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanından X2 məxsus 38.41 AZN dəyərində su sayğacını gizli talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanından su sayğacını gizli talamış, tanımadığı metal alan şəxsə 5 manata satmışdır. xx.xx.2022-ci il tarixdən 01 (bir) ay müddətində həbsdə olmuşdur. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ziyanın ödənilməsini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin təhqiqatçısı Qabil Hüseynovun 11 oktyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarın surəti aidiyyəti əməkdaşa göndərilmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin təhqiqatçısı Faiq Şahverdiyevin 04 noyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarın surəti aidiyyəti əməkdaşa göndərilmişdir. İş materiallarında olan X1 ərizəsindən görünür ki, dəymiş ziyan tam ödənilmişdir, ona görə də Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 01 (bir) ay müddətində - həbs inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsdə saxlamanın əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 23 oktyabr 2022-ci il tarixdən həbsdə olmasına baxmayaraq inzibati xəta haqqında materialda inzibati xətanın 25 oktyabr 2022-ci il tarixdə törədildiyi qeyd edilmişdir. 25 oktyabr 2022-ci il tarixdə o, həbsdə olduğundan tərəfindən inzibati xətanın törədilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar aşağıdakılardır: 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi iş materialında Şəxs tərəfindən ünvan 3 ünvanından X2 məxsus su sayğacını gizli talanmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 39.2, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar