Məhkəmə qərarları › İş №3(011)-4701/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4701/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4701/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş X7 İdarəsinin 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və X7 İdarəsindən 5000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində qeyd etmişdir ki, o, Qarabağ qazisi və Əfqanistan müharibəsi veteranıdır. Barəsində xx.xx.2022-ci il tarixdə təkrar EQ/9916322 saylı qanunsuz protokol tərtib edilmişdir. Guya o, İXM-nin 327.1-ci maddəsinə riayət etməyərək nişanın tələbini pozaraq avtobus yoluna daxil olmuşdur. Video və fotolardan görünür ki, quraşdırılan nişan ağacın arxasında olduğu üçün, yarpaq və budaqların onun üstünü örtdüyü üçün görünmür. O, bunu Baş X7 İdarəsində də əməkdaşlara sübut etmiş və onunla razılaşmışlar. “Yol hərəkəti haqqında” Qanunda göstərilir ki, sürücü nişanı 50 metr məsafədən aydın və səlis görməlidir. Barəsində 2 dəfə Nərimanov və Xətai Rayon Məhkəməsində qərarın ləğvi barədə qərar çıxarılmışdır. Lakin bir müddət sonra yenə həmin protokolu sistemə vurmuşlar. Beləliklə o, may ayından bu vaxta qədər yol polisinin qanunsuz tərtib etdiyi protokola görə o, vaxt itkisinə, əlavə xərclərə və mənəvi sarsıntıya məruz qaldığı üçün ona yol polisi tərəfindən 5000 manat məbləğində təzminatın ödənilməsini, barəsində qəbul edilmiş 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və X7 İdarəsindən 5000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının tələblərini pozması göstərilsə də, sözügedən nişan ağacın arxasında olmuş və onun həmin nişanı görməsi qeyri-mümkün olmuşdur, həmçinin məhkəməyə təqdim olunmuş videogörüntüdə də həmin fakt öz təsdiqini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X7 İdarəsinin tərəfindən tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə saat 11:34-də Ə.Əbdülrəhimov küçəsi ilə Ata-Türk prospektinin kəsişməsində “Seat İbiza minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş videogörüntüdən məlum olur ki, yolun kənarında səkidə quraşdırılmış nişan ağac budaqları ilə örtülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın: 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda X2 “Seat İbiza minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahat verərək bildirmişdir ki, barəsində əsassız protokol tərtib olunmuş, onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının tələblərini pozması göstərilsə də, sözügedən nişan ağacın arxasında olmuş və onun həmin nişanı görməsi qeyri-mümkün olmuşdur, həmçinin məhkəməyə təqdim olunmuş videogörüntüdə də həmin fakt öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şikayətçi tərəfindən təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş və müəyyən olmuşdur ki, Ə.Əbdülrəhimov küçəsi ilə Ata-Türk prospektinin kəsişməsində yolun kənarında səkidə quraşdırılmış nişan ağacın budaqları və yarpaqlarla örtülmüş, bu səbəbdən sürücülər tərəfindən vaxtında qavranılması qeyri-mümkün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqan tərəfindən Ə.Əbdülrəhimov küçəsi ilə Ata-Türk prospektinin kəsişməsində quraşdırılmış yol nişanının sürücülərin görüntü dairəsində olub-olmaması, onlar tərəfindən həmin nişanın vaxtında qavranılması üçün hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanması halının mövcud olub-olmaması araşdırılmadan X2 barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməklə cərimə cəzası tətbiq edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 barəsində inzibati icraatın başlanması barədə heç bir məlumat verilmədən, izahatı alınmadan, barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati tənbeh vermə haqqında elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli, EQ/9916322 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar