Məhkəmə qərarları › İş №3(011)-4719/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4719/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4719/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20778807 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20778807 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü il saat 18.09 tarixində Y.Səfərov küçəsi ilə hərəkətdə olduğu zaman Azərbaycana gələn Qazaxıstan prezidentinin qarşılanmasi və yola salınması ilə əlaqədar yolların bağlı olması ilə əlaqədar olaraq DYP əməkdaşları yolda xidmət apardıqları zaman tıxacın aradan qaldırılmasına çalışırlar. Həmin tarixdə yolda xidmət aparan DYP əməkdaşının göstərişi ilə avtobus zolağından istifadə etməsi barədə göstəriş verilmişdir. Həmin tarixdən bir gün tamamında 40 manat məbləğində cərimə olunması barədə sms almışdır. Tərtib olunan protokol ilə əlaqədar ünvanladığı şikayətə baxılması üçün BŞDYH idarəsində 106 otaqda polis mayoru (077.581.69.90) həvalə olunmuşdur. Həmin DYP polis inspektoru ilə birlikdə T.Ş.K. (T.Ş 5001) və (T.Ş 5211) baxış keçirdərək həmin vaxtı 3 - DYP əməkdaşının yolu tənzimlədiyini görsək də bu günə kimi protokol üzərində qalmaqdadır. Dəfələrlə həmin polis mayoruna zəng edib iradını bildirsə də ona cavabı "Hər şikayət edənin protokolunu silsək ayın sonunda biz nə maaş alacağıq" deməsi olmuşdur. Həmin polis mayoru bu günə kimi ünvanladığı ərizəyə cavab olaraq və ən əsası da məhkəməyə təqdim etmək üçün heç bir cavab təqdim etməmişdir. Bu barədə DİN 102 xidmətinə dəfələrlə zəng edib məlumat versə də bu günə kimi EQ 20778807 nöməli protokol hələ də üzərində qalmaqdadır. Bu barədə 2 dəfə online olaraq Daxili İşlər Nazirliyinə, iki dəfə də BŞDYP-yə ərizə ilə müraciət etsə də bu günə kimi müraciətinə baxılmamışdır. Məhkəmə öncəsi tərtib olunan protokola əsasən video görüntülər məhkəmə tərəfindən tələb olunsa da, aidiyyəti qurum tərəfindən araşdırma materialı olaraq video görüntü təqdim edilməyib. Protokoldan şikayət verildikdə qərar qəbul olunana kimi protokol dondurulmalı və dəbbə pulu hesablanmamalıdır. DYP əməkdaşı isə bunun əksi olaraq tərtib olunan protokola dəbbə pulunun yığılmasını təmin etmiş və məhkəmənin qərarını icra etmək əvəzinə idarə etdiyi avtomobilə məhrumiyyət tərtib etmişdir. Dəfələrlə bu barədə DİN-in 102 xidmətinə məlumat versə də məhkəmə qərarı icra olunmamış və həmin DYP məmuru məhkəmə qərarını icra etməkdən imtina etmişdir. DİN-in vəzifəli şəxsin qəbulunda olduqdan sonra qərar icra olunmuş və çıxarılmış maddə ilə onun iştirakı olmadan bir daha protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqda həmin cərimə 40 manat idi. Daha sonra İXM-ə edilən dəyişiklik nəticəsində həmin maddə ləğv olunmuş və yeni maddə ilə, yəni100 manat 2 bal ilə qərar qəbul edilmişdir. Bu xüsusatları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20778807 nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-2766/2024 saylı qərarı ilə Baş Dövlət Yol Polisi İdarəsinin 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuşdur. İşin halları ilə müəyyən edilmişdir ki, X3 idarə etdiyi Taksi 4 London Taxis minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ilə hərəkətdə olarkən 5.9 yol nişanının tələbinə riayət etməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsində açıq aşkar göstərilmişdir ki, Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 da izahatında bildirdiyi kimi həmin gün yollarda tıxac olduğundan polis əməkdaşı ona ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa çıxması barədə göstəriş vermiş və o da həmin göstərişə əməl etmişdir. Buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş və polis əməkdaşının olduğu videogörüntülər ona təqdim olunmamışdır. Bu xüsusatları nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə baxmayaraq araşdırma aparılmadan əsassız olaraq yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1 maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20778807 saylı inzibati xəta haqqında iş üzrə qərarı X3 şikayəti təmin edilməli, barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20778807 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20778807 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar