Məhkəmə qərarları › İş №3(011)-4719/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4719/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4719/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 və Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər X8 İdarəsinin 04 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X8 İdarəsinin 04 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, İXM-in 327.1-1-ci maddəsi ilə cərimə olunmama dair Bakı Şəhər X8 İdarəsinin Polis X1 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Xətai Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Xətai rayon məhkəməsinin xx.xx.2025ci il tarixli 3(011)-3900/2025 saylı qərarına əsasən şikayətim qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün iş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X8 İdarəsinə göndərilmişdir. Həmin idarədə inzibati xəta haqqında işə yenidən baxılaraq İXMin 327.1-1-ci maddəsi ilə cərimə olunmama dair Bakı Şəhər X8 İdarəsinin Polis X1 tərəfindən TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar mənə xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Həmin qərarı aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassız hesab edirəm: Protokola, inzibati xəta haqqında işin materiallarında mənim İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyimə dair mötəbər sübut əlavə olunmamışdır. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci tarixli qərar (məhkəmənin ləğv etdiyi qərar) protokolun tərtib edildiyi tarixdən 21 gün sonra qəbul edilmişdir. Bununla da İXM-nin 122.1-ci maddəsinin tələbi pozulmuşdur. İnzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın hansı texniki vasitə ilə aşkar olunduğu qeyd edilməmişdir. İXM-in 327.1-1ci maddəsi ilə cərimə olunmama dair Bakı Şəhər X8 İdarəsinin Polis X1 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, yol polisi əməkdaşı icazə verdiyi üçün ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yolda hərəkət etmişdir. Həmçinin protokol düzgün şəkildə tərtib edilməmişdir. Şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək izahatında göstərmişdir ki, fotoşəkillərdən aydın şəkildə görünür ki, şəxs ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yolda hərəkət etmişdir. Həmçinin şəxs yol polisi əməkdaşının göstəriş verməsini təsdiqləyən sübut əlavə etməmişdir. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X8 İdarəsinin 04 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 04 aprel 2025-ci il tarixdə saat 18:09-da Xətai rayonu, 8 Noyabr Prospektində «CHEVROLET MALİBU» minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 327.1-1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-3900/2025 saylı qərarı ilə X2 şikayəti qismən təmin edilmişdir. Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib olunmuş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 04 aprel 2025-ci il tarixdə Xətai rayonu, 8 Noyabr Prospektində «CHEVROLET MALİBU» minik markalı **- GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, inzibati xətaya dair protokol tərtib edilmişdir. Protokol inzibati işlər üzrə sübut hesab edilir. Həmin protokol əsasında da qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X8 İdarəsinin 04 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X8 İdarəsinin 04 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar