Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4724/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş 02 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 06:29 radələrində «Opel Astra H minik» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, sonra isə sərxoşluq vəziyyətinin yoxlanılması üçün alkotesterdən istifadə olunmuş və onun 0.486 promilli spirtli içki qəbul etdiyi müəyyən olmuşdur. Beləliklə o, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün əməlindən peşmançılıq çəkdiyini və ilk dəfə inzibati xəta törətdiyini bildirərək, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 06:29 radələrində «Opel Astra H minik» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokollaşdırma nömrəsi 00503 olan alkotester qəbzindən məlum olur ki, “Mustafayev” soyadlı şəxsdə alkoqolun miqdarı 0.486 promillidir. 02 noyabr 2022-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 06:27-də Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Ace-Z” markalı İN-641947 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolun qeyd hissəsində Şəxs həkimə ehtiyyac olmadığını, birdə spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, spirtli içki qəbul etdiyini etiraf etməsini qeyd etmişdir. Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə bilavasitə tabe olan Yol patrul xidməti Alayının 11-ci tağımının YPX inspektoru, polis baş serjantı X1 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 06:20 radələrində postları üzrə hərəkətdə olan zaman Opel markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücü ilə ünsiyyət zamanı kəskin alkoqol qoxusu gəldiyi üçün sürücünü alkotester vasitəsilə yoxlamışlar və sürücünün sərxoş olduğu müəyyən olunmuşdur. Sürücünün barəsində İXP ******* saylı protokol tərtib edilərək, avtomobilin müvəqqəti dayanacağa aparılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşmançılıq çəkməsini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4724/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4724/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver