Məhkəmə qərarları › İş №3(011)-4754/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4754/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4754/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadənin 02 sentyabr 2024-cü il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, M.Mehdizadə küçəsində Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs vurmaqla sonuncunun yüngül dərəcəli bədən xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, "Toyota Prius" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 05.08. 2024-cü il tarixdə təxminən saat 01:00 radələrində Xətai rayonu, S.Senyuşkin küçəsi ilə hərəkət edərək M.Mehdizadə küçəsinə çatanda avtomobili saxlamış, yolun boşaldığına əmin olduqdan sonra hərəkətə başlayıb sola doğru dönüş edən zaman yolun sağdan soluna doğru keçən piyadanı avtomobilinin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur. Piyada yerə yıxılıb xəsarət aldığından onu avtomobilinə mindirib yaxınlıqdakı Xətai Klinikasına aparmışdır. Əməlindən peşmançılıq hissi keçirdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri Xətai Rayon RPİ-nin Təhqiqat Şöbəsinin polis mayoru Nurlan Ağazadənin qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, "Toyota Prius" markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Xətai DYPŞ-nə göndərilmişdir. 28 avqust 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin 856 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xətai RPİ-nin DYPŞ-nin 19 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2024-cü il tarixdə, saat 01:00-da “Toyota Prius” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar