Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4755/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 24 may 2025-ci il tarixli, EQ 28131244 nömrəli inzibati xəta protokola əsasən qəbul edilmiş 24 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 24 may 2025-ci il tarixli, EQ 28131244 nömrəli inzibati xəta protokola əsasən qəbul edilmiş 24 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 24 may 2025-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 455 ünvanında 90TN927 dövlət qeydiyyat nişanlı avtomobilimə EQ28131244 nömrəli protokolla AR İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə 40 manat məbləğində və 2 bal cərimə nəzərdə tutulmuşdur. Daxili İşlər Nazirliyinə 27 may 2025-ci il tarixində cərimə ilə bağlı şikayət etmiş (3-13-44-7/1-M- 220xx/xx/2025 nömrəli müraciət) və cavab məktubunu yalnız 7 iyul 2025-ci il tarixində almışdır. Məktubda Xətai RPİ DYPŞ-nin əməkdaşının onunla ətraflı danışdığı bildirilir. Lakin iyunun 24-də ona zəng edən əməkdaş cərimənin 346.5-ci maddəyə görə yox, şəkilə istinad edərək guya yolu bağladığına görə yazıldığını bildirmişdir. Mən orada yol olmadığını, binanın qarşısı olduğunu və cərimənin məhz yol kəsişməsinə qədər guya 5 metrdən az məsafədə saxladığına görə yazıldığını bildirmişdir. Bundan sonra həmin əməkdaşa xəstəxanada olduğunu və daha danışa bilmədiyini demiş (göndəriş vərəqəsi var və tələb olunarsa təqdim edə bilər). Səhəri gün həmin nömrəyə dəfələrlə zəng etsə də cavab ala bilməmişdir. Yalnız 7 iyul tarixində e-mail ünvanına belə ədalətsiz cavab məktubu göndərilmişdir. Qeyd edir ki, cərimə ona xx.xx.2025-ci il tarixdə saat 08:08-də yazılıb və o həmin ünvanda yaşadığı üçün cərimə yazıldıqdan dərhal sonra avtomobili dayandığı yerin ətraflı şəklini çəkmişdir (şəkili ərizəyə əlavə etmişəm). İstər polis əməkdaşının çəkdiyi şəkillərdə (əlavə olunub), istərsə də onun çəkdiyi şəkillərdə onun avtomobilinin qarşısında qara cip modelli avtomobilin saxlanıldığı görünür. Həmin avtomobilin öz uzunluğu 5 metrdən az deyil, onun avtomobili ilə həmin maşın arasında və həmçinin qara maşından yol kəsişməsinə qədər məsafələr cəminin də 1-dən az olmadığını nəzərə alsaq avtomobilimin yol kəsişməsinə qədər 5 metrdən daha uzaq məsafədə olduğunu təyin etmək olar. Şəkillərdə hətta avtomobilini sarı xəttə qədər saxladığı belə aydın görünür. Qanunsuz yazılmış bu cərimənin ləğv edilməsini və cərimə balının silinməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, eyni şəkildə fevral ayında da onun barəsində qərar tərtib olunduğunu qeyd etmiş və bu dəfə artıq şikayət vermək qərarına gəlmişdir. Belə ki, yol kəsişməsindən 5 metr aralı olduğu görünür. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin 24 may 2025-ci il tarixli, EQ 28131244 nömrəli inzibati xəta protokola əsasən qəbul edilmiş 24 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 24 may 2025-ci il tarixdə, saat 08:08-də Bakı şəh., Gəncə pr., 455 ünvanının qarşısında “Suzuki Swift” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 124.5-ci maddəsinə əsasən, isə Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli, 181 nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən (şikayətçinin göstədiyi yoldan 5 metrdən artıq məsafədə saxlasa da digər yoldan 5 metrdən az məsafədə saxlamaqla oradakı avtomobillərin sərbəst hərəkətinə mane olur) və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin 24 may 2025-ci il tarixli, EQ 28131244 nömrəli inzibati xəta protokola əsasən qəbul edilmiş 24 may 2025-ci il tarixli protokol əsasında verilmiş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin 24 may 2025-ci il tarixli, EQ 28131244 nömrəli inzibati xəta protokola əsasən qəbul edilmiş 24 may 2025-ci il tarixli protokol əsasında verilmiş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4755/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4755/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver