Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4772/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili X1, Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "X11 Olmayan Kredit Təşkilatı" MMC-də xx.xx.2023- xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2018 - xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Belə ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 4.6.3-cü və 4.7-ci maddələrinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 9.2-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər müştərilərin eyniləşdirilməsi və verifikasiyasını həyata keçirməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs olan 6 müştəriyə münasibətdə bu tələbə əməl edilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bundan başqa yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydalar mövcud deyil. BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. BOKT-də monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları müəyyən edilməmiş, bununla bağlı daxili qaydalar mövcud olmamışdır. BOKT-nin daxili audit mexanizmini tənzimləyən qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə daxili audit həyata keçirilməmişdir. Öhdəlik daşıyan şəxslər rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsini həyata keçirməlidir. BOKT-də bu tələblər üzrə məsul şəxs müəyyən olunmamışdır. BOKT-da müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası üzrə daxili qayda və proseduralar, şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə qaydalar hazırlanmalı və təsdiqlənməlidir. Bu tələblərə BOKT tərəfindən əməl edilməmiş, müvafiq qaydalar hazırlanmamış və təsdiq olunmamışdır. BOKT-nin sənədlərinin saxlandığı arxiv başqa bir hüquqi şəxsə məxsus binada yerləşir. Arxivə baxış zamanı BOKT-yə aid sənədlərin digər bir şirkətə məxsus sənədlərlə birlikdə saxlanıldığı aşkar edilmişdir. BOKT-də arxivə nəzarət mövcud deyil və həmin arxivdə olan sənədlərə digər şəxslərin çıxış və müdaxilə imkanları mövcuddur. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bundan başqa 2019-2021-ci illərdə 3 müştəri tərəfindən ümumilikdə 45 sayda irihəcmli, qeyri-adi, mürəkkəb və kifayət qədər şübhəli əməliyyatlar həyata keçirsə də, bu əməliyyatların təyinatı və mahiyyətini aydınlaşdırmamış, yazılı təhlil hesabatı tərtib etməmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verməmişdir. Qeyd edilən 45 sayda əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinin tərkib əlamətlərini yaradır. X8 departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 noyabr 2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili X3 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda göstərilmiş nöqsanlar aradan qaldırılmışdır. Cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Yoxlama haqqında hesabatdan görünür ki, "X10" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin benefisiar mülkiyyətçiləri müəyyən edilməmişdir. Yoxlama haqqında hesabatdan görünür ki, 2019-2021-ci illərdə 3 müştəri tərəfindən ümumilikdə 45 sayda irihəcmli, qeyri-adi, mürəkkəb və kifayət qədər şübhəli əməliyyatlar həyata keçirsə də, bu əməliyyatların təyinatı və mahiyyətini aydınlaşdırmamış, yazılı təhlil hesabatı tərtib etməmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verməmişdir. İş materiallarını, tərəflərin izahatını araşdıraraq məhkəmə hesab edir ki, “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, vəzifəli şəxs “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, vəzifəli şəxs “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs tərəfindən həmin inzibati xətalar 2019-2021-ci illərdə törədilmiş, həmin vaxtdan 01 ildən çox vaxt keçmişdir. Bu kateqoriya işlər üzrə inzibatı xətanın törədildiyi gündən bir il keçdikdə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş olur. Bu konkret inzibati xətadır və bu kateqoriya olan inzibati xətalar uzanan inzibati xətalara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Məhkəmə iclasında “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında tam sübuta yetirilmişdir. Yoxlama haqqında hesabatdan görünür ki, BOKT-də məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydalar mövcud deyil. BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. BOKT-də monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları müəyyən edilməmiş, bununla bağlı daxili qaydalar mövcud olmamışdır. BOKT-nin daxili audit mexanizmini tənzimləyən qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə daxili audit həyata keçirilməmişdir. Öhdəlik daşıyan şəxslər rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsini həyata keçirməlidir. BOKT-də bu tələblər üzrə məsul şəxs müəyyən olunmamışdır. BOKT-da müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası üzrə daxili qayda və proseduralar, şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə qaydalar hazırlanmalı və təsdiqlənməlidir. Bu tələblərə BOKT tərəfindən əməl edilməmiş, müvafiq qaydalar hazırlanmamış və təsdiq olunmamışdır. BOKT-nin sənədlərinin saxlandığı arxiv başqa bir hüquqi şəxsə məxsus binada yerləşir. Arxivə baxış zamanı BOKT-yə aid sənədlərin digər bir şirkətə məxsus sənədlərlə birlikdə saxlanıldığı aşkar edilmişdir. BOKT-də arxivə nəzarət mövcud deyil və həmin arxivdə olan sənədlərə digər şəxslərin çıxış və müdaxilə imkanları mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsi uzanan inzibati xətalara aiddir. Belə ki, həmin inzibati xəta bir müddət ərzində şəxsin üzərinə qoyulmuş öhdəliyin hərəkətsizlik formasında yerinə yetirilməməsində ifadə olunur. Məhkəmə araşdırması zamanı “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, «X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. “X11 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4772/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4772/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver