Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4778/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən o, 20000 ABŞ dolları məbləğində vəsaitini Bank hesabından 17 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabağcadan ödəniş etməklə köçürmüş, ödəniş aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 20 000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabağcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4cü maddəsinə əsasən 2 000.00 ABŞ dolları məbləğində cərimə tənbeh növünün tətbiq edilməsinə dair 26 oktyabr 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarı 10 noyabr 2022-ci il tarixdə ekspress poçt vasitəsi ilə alınmış və qərardan şikayət tərtib edərək, 17 noyabr 2022-ci il tarixdə, yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 maddəsində nəzərdə tutulmuş 10 gün müddətinin 7-ci günündə "xxxx" MMC vasitəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. O, sahibkarlıqla məşğul olaraq verği orqanlarında qeydiyyatdan keçib, ********** saylı VÖEN əsasında fəaliyyət ğöstərir və xarici dövlətlərdən, o cümlədən Çin Xalq Respublikasından müxtəlif malları Azərbaycana idxal edib satışı ilə məşğul olur. 17 avqust 2020-ci il tarixdə bank hesabından 20 000.00 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasından kənara Çin Xalq Respublikasına qabağcadan ödəniş etməklə köçürmüş. Pul vəsaiti köçürülərkən artıq Çin Xalq Respublikasında COVİD yeni koronavirus pandemiyası mövcud olsada, lakin aldığı malları istehsal edən müəssisə adi qaydada fəaliyyət göstərirdi. Artıq pul vəsaiti köçürüləndən sonra, müəssisə öz fəaliyyətini pandemiya ilə əlaqədar karantinə dayandırmış və bütün fəaliyyətini dondurmuşdur. Aparılan danışıqlara əsasən belə razılıq əldə olunmuşdu ki, yaxın vaxtlarda müəssisə fəaliyyətini bərpa edəcək, 20 000.00 ABŞ dolları məbləğində malları istehsal edib göndərəcək, əks halda köçürülmüş vəsait geri qaytarılacaq. Lakin obyektiv səbəblərə görə (Çin Xalq Respublikasında COVİD-lə əlaqədar bu ğünədək davam edən məhdudiyyətlər) malın istehsal olunub göndərilməsi və ya pul vəsaitinin geri qaytarılması gecikmişdir. Bu ilin artıq sonlarında Çin Xalq Respublikasında yerləşən müəssisə fəaliyyəti bərpa etmiş və malları istehsal edib Azərbaycana göndərilmişdir. Göndərilən mallar hal hazırda Azərbaycana idxal edilib və gömrük rüsumları ödənilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının onun barəsində 2 000.00 ABŞ dolları məbləğində cərimə olunmağına dair sözügedən qərarları qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, malların Azərbaycana idxal edilməsi və ya pul vəsaitinin geri qaytarılması onun təqsiri ucbatından deyil, obyektiv səbəblərdən baş tutmamışdır. Mərkəzi Bank tərəfindən onun barəsində qərar qəbul edilərkən, verdiyi izahatlara baxmayaraq bu xüsusatlar nəzərə alınmamış, onun təqsirinin olmamasına heç bir əhəmiyyət verilməmiş və Bank formal mövqe tutaraq onun izahatlarına əhəmiyyət verməyərək cərimə tətbiq etmişdir. Həmçinin 20 000.00 ABŞ dolları məbləğində malın hal hazırda Azərbaycana idxal olunmasını nəzərə alaraq onun təqsirinin olmamasının sübutu kimi qəbul edilmişdir. Barəsində inzibati inzibati qərar qəbul edilmiş X1 və Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, işə şikayətçi X1 və Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş İnzibati tənbeh vermə haqqında 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 ABŞ dolları məbləğində tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 21 dekabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X1 tərəfindən 17 sentyabr 2020 il tarixində 20.000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin 20.000 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 il müddətində banka təqdim edilməmişdir. İş materiallarında olan bəyannamələrdən görünür ki, X1 tərəfindən 17 sentyabr 2020 il tarixində 20.000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitinə dair mallar ölkə ərazisinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, fərdi sahibkar X1 tərəfindən 17 sentyabr 2020-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin 20.000 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il müddətində banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri əsassız olduğundan, X1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-4778/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4778/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver