Məhkəmə qərarları › İş №3(011)-4784/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4784/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4784/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 21 iyun 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, AZ1142, BAKİ ŞƏHƏRİ, XƏTAİ RAYONU, Babək pr., ev 12A, Blok C, mərtəbə 8, qapı 4-də olan "xxxx" QSC tərəfindən 62250.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 62250.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, “İOSC LTD" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 21 iyun 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bankın protokolunda göstərilmişdir ki, Cəmiyyət 62250 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, iki il keçsə də, vəsaitin hesabına alınan mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. İlk növbədə bildirir ki, "xxxx" QSC ilə "X2" şirkəti arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən kalsium xlorid adlı malların alınması razılaşdırılmış, malların dəyəri 124500 ABŞ dolları olaraq razılaşdırılmışdır. Qeyd olunan malların dəyəri 62250 ABŞ dolları həcmində xx.xx.2023-cü il tarixində “X2" şirkətinin bank hesabına ödənilmişdir. Mallar xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ölkə ərazisinə idxal olunmuşdur. Bildirir ki, Yelo Banka təqdim edilmiş xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədə texniki səhvə yol verilmiş, ödənişin təyinatı mətnində sonradan ödəniş əvəzinə, ingilis dilində "prepayment" olaraq qeyd edilmişdir. Ödəniş tapşırığındakı digər detallar 62250 ABŞ dolları həcmində ödəniş məbləği, benefisiarın adı (X2), benefisiarın bankı (Agricultural Bank of China), xx.xx.2023cü il tarixli FR0076 nömrəli müqavilə, İN 0425-011 nömrəli kommersiya invoysu, bu ödəniş tapşırığının təqdim edilmiş gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmiş malların ödənişi olduğunu təsdiq edir. Təxmin edir ki, ödəniş tapşırığındakı bütün detallar gömrük bəyannaməsindəki mallarla üst-üstə düşsə də, ingilis dilində qeyd edilmiş termində texniki yanlışlığa yol verilməsi inzibati orqanın protokol tərtib etməsinə səbəb olmuşdur. Lakin bu texniki yanlışlığın olması sahibkarlıq subyekti üçün xeyli miqdarda cərimənin tətbiq edilməsi ilə nəticələnməməlidir. Əks halda, bu ölkədəki biznes subyektlərinin inkişafı üçün mütənasib olmayan və əsassız maddi yük yaradar. İş üzrə sübutlar birgə araşdırıldıqda aydın olur ki, malların çatdırılmasını təsdiq edən gömrük bəyannamələrində (GB) də qeyd edilən tərəflər, malın adı, daşıyıcının adı, qısaca bütün detallar ödənişin ediliyi mallar ilə eynilik təşkil edir və eyni alqı-satqı əməliyyatına məxsusdur: - GB, 2-ci xana: Təqdim edilən müqavilədə olduğu kimi göndərən şirkət "X2" şirkətidir; - GB, 8-ci xana: Malı qəbul edən Şəxs QSC-dir; - GB, 20-ci xana: Çatdırılma şərti 120 (sonradan ödəmə) olaraq qeyd edilmişdir; - GB, 31-ci xana: Kommersiya invoysunda olduğu kimi idxal edilən mal kalsium xloriddir; - GB, 33-cü xana: Malın kodu invoysda qeyd edildiyi kimi 282720 nömrəli təsnifata uyğundur; - GB, 42-ci xana: Hər gömrük bəyannaməsi üzrə malların invoys dəyəri 10375 ABŞ dolları olmaqla, ümumilikdə 6 bəyannamə üzrə 62250 (10375 x 6) ABŞ dolları təşkil edir. Beləliklə, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində 62250 ABŞ dolları məbləğində mallar ölkəyə daxil olmuş, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə malların ödənişi icra edilmişdir. Bununla da, alqı-satqı əməliyyatı üzrə ödənişin tamamilə sonradan köçürmə növündə olması və bu münasibətlərin, ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmədiyi aydın olur. Həmçinin nəzərə alınmalıdır ki, vahid məhkəmə praktikasında ödəniş tapşırığı və gömrük bəyannamələrində yol verilən texniki səhvlər inzibati xətanın törədilmiş hesab edilməsi üçün yetərli hesab edilmir və icraata xitam verilir. Məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-819/2025 nömrəli qərarı ilə oxşar iş üzrə Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş sənədləri birgə araşdırmış və texniki səhvə yol verildiyinə görə inzibati xətanın tətbiqini əsassız hesab etmişdir. Qeyd edilənlərə əsasən Şəxs QSC barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 10 may 2023-cü il tarixində 62250.00 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarında olan **********2461, **********6785, **********9722, **********2451, **********6792, **********6834 saylı yük gömrük bəyannamələrindən görünür ki, mallar avans köçürməsindən əvvəl idxal edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən 30 iyul 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə yerləşdirilmiş məlumatdan görünür ki, "xxxx" QSC tərəfindən təqdim edilmiş **********2461, **********6785, **********9722, **********2451, **********6792, **********6834 saylı yük gömrük bəyannamələrinə (YGB) münasibətdə qeyd edir ki, təqdim edilmiş yük bəyannaməsinin təyinatında müqavilə uyğunluq təşkil etsə də çatdırılma şərti 120 (malın dəyəri ödənilməmişdir) kimi qeyd edilmişdir. Yəni mallar avans köçürməsindən əvvəl idxal edilmişdir. Odur ki, "xxxx" QSC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxıram. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar