Məhkəmə qərarları › İş №3(011)-4786/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4786/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4786/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə X1 mənzilinin qapısına küt alətlə vurmuşdur. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru Polad Əbdülov tərəfindən 10 noyabr 2022-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanda onun qızı gəlin köçmüş və həmin ünvanda yaşayır. Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, ev 58, mənzil 113 ünvanda X3 ailəsi ilə birlikdə yaşayırlar. Lakin mübahisənin başlamasına səbəb Amal Ağayevə məxsus olan mənzildən daim səs küyün gəlməsi olmuşdur. Bununla bağlı olaraq Amal Ağayevə bildirilmiş və daha sonra aralarında daim mübahisələr baş vermişdir. Qeyd edilmiş tarixdə o, X2 məxsus olan Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, ev 58, 113 saylı mənzilin qapısını döymüş, lakin qapını açmamışlar. Həmin vaxt qapının küt alətlə vurulması baş verməmişdir. Belə ki, X2 məxsus olan mənzilin giriş yerində kamera quraşdırmışlar. X5 kamera görüntülərini polis əməkdaşlarına təqdim edilməkdən imtina etmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Anar Abbasov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin 36-cı PB-nin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaucan Respublikası İXM-nin 232-1-ci maddəsi üzrə dayandırılmış inzibati xəta haqqında iş ürə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar