Məhkəmə qərarları › İş №3(011)-4790/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4790/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4790/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 01 iyul 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 64500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 24 may 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 64500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 01 iyul 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmişir. Cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bankın protokolunda göstərilmişdir ki, Cəmiyyət 64500 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, iki il keçsə də, vəsaitin hesabına alman mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. İlk növbədə qeyd edilməlidir ki, Şəxs QSC ilə “X2” şirkəti arasında xx.xx.2023-cü il tarixində İOSC-FR0077 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən kalsium xlorid adlı malların alınması razılaşdırılmış, malların dəyəri 129000 ABŞ dolları olaraq razılaşdırılmışdır. Malların bir hissəsinin ödənişi xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə, digər hissəsi isə xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə “X2” şirkətinin bank hesabına köçürülmüşdür. Malların bir hissəsi ödənişin icrasından sonra ölkəyə daxil olmuş və çatdırılma şərti 110 kodu ilə təsdiq edilmiş, qalan hissəsinin ödənişi isə malların ölkəyə idxalından sonra icra edilmiş və 120 kodu ilə təsdiq edilmişdir. Ümumilikdə, ödəniş tapşırıqlarına da uyğun olaraq, ölkəyə 129000 ABŞ dollan dəyərində mallar 12 ədəd bəyannamə əsasında idxal edilmişdir. "xxxx"a təqdim edilmiş xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədə texniki səhvə yol verilmiş, ödənişin təyinatı mətnində sonradan ödəniş əvəzinə, ingilis dilində “prepayment” olaraq qeyd edilmişdir. Ödəniş tapşırığındakı digər detallar - 64500 ABŞ dolları həcmində ödəniş məbləği, benefisiarın adı (X2), benefisiarın bankı (Agricultural Bank of China), xx.xx.2023-cü il tarixli İOSC-FR0077 nömrəli müqavilə, İN 0504-011 nömrəli kommersiya invoysu, bu ödəniş tapşırığının təqdim edilmiş gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmiş malların ödənişi olduğunu təsdiq edir. Ödəniş tapşırığındakı bütün detallar gömrük bəyannaməsindəki mallarla üst-üstə düşsə də, ingilis dilində qeyd edilmiş termində texniki yanlışlığa yol verilməsi inzibati orqanın protokol tərtib etməsinə səbəb olmuşdur. Lakin bu texniki yalnışlığı olması sahibkarlıq subyekti üçün xeyli miqdarda cərimənin tətbiq edilməsi ilə nəticələnməməlidir. Əks halda, bu ölkədəki biznes subyektlərinin inkişafı üçün mütənasib olmayan və əsassız maddi yük yaradan iş üzrə sübutlar birgə araşdırıldıqda aydın olur ki, malların çatdırılmasını təsdiq edən gömrük bəyannamələrində də qeyd edilən tərəflər, malın adı, daşıyıcının adı, qısaca bütün detallar ödənişin ediliyi mallar ilə eynilik təşkil edir və eyni alqı-satqı əməliyyatına məxsusdur: gömrük bəyannaməsinin 2-ci xanası: Təqdim edilən müqavilədə olduğu kimi göndərən şirkət “X2” şirkətidir; 8-ci xanası: Malı qəbul edən Şəxs QSC-dir; 31-ci xanası: Kommersiya invoysunda olduğu kimi idxal edilən mal kalsium xloriddir; 33-cü xanası: Malın kodu invoysda qeyd edildiyi kimi 282720 nömrəli təsnifata uyğundur; 42-ci xanası: Hər gömrük bəyannaməsi üzrə malların invoys dəyəri 10750 ABŞ dolları olmaqla, ümumilikdə 12 bəyannamə üzrə 129000 (10750 x 12) ABŞ dolları təşkil edir. Beləliklə, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində cəmi 129000 ABŞ dolları dəyərində mallar ölkəyə daxil olmuş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə malların ödənişi icra edilmişdir. Bununla da, alqı-satqı əməliyyatı üzrə ödənişin bir hissəsi öncədən icra edilmiş, hazırda məhkəməyə təqdim edilən ödəniş tapşırığı əsasında isə mallar ölkəyə idxal edildikdən sonra ödənişin icrası tamamlanmışdır. Hazırda inzibati xəta haqqında icraatın aparılmasına səbəb olan ödəniş xx.xx.2023-cü il tarixində icra edilmişdir və bu ödəniş faktiki olaraq sonradan köçürmə növündə olduğuna görə, ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xəta tərkibini yaratmır. Həmçinin nəzərə alınmalıdır ki, vahid məhkəmə praktikasında ödəniş tapşırığı və gömrük bəyannamələrində yol verilən texniki səhvlər inzibati xətanın törədilmiş hesab edilməsi üçün yetərli hesab edilmir və icraata xitam verilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-819/2025 nömrəli qərarı ilə də oxşar iş üzrə Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş sənədləri birgə araşdırmış və texniki səhvə yol verildiyinə görə inzibati xətanın tətbiqini əsassız hesab etmişdir. Beləliklə o, tərəflərindən heç bir qanun pozuntusuna yol verilmədiyini, həmçinin bu halın malların idxal edilməsinə dair gömrük bəyannamələri ilə də öz təsdiqini tapmasını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ərizə ünvanlayaraq qeyd etmişdir ki, təyin edilmiş inzibati xəta haqqında məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş edir. "xxxx" QSC tərəfindən təqdim edilmiş **********3214, **********3209, **********4982, **********9268, **********2305, **********3220 saylı yük gömrük bəyannamələrinə (YGB) münasibətdə qeyd edir ki, təqdim edilmiş yük bəyannaməsinin təyinatında müqavilə uyğunluq təşkil etsə də çatdırılma şərti 120 (malın dəyəri ödənilməmişdir) kimi qeyd edilmişdir. Yəni mallar avans köçürməsindən əvvəl idxal edilmişdir. Odur ki, "xxxx" QSC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 64500.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 24 may 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 29 may 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 64500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 24 may 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 64500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; iş materiallarında olan xx.xx.2023-cü il tarixli **********3209 saylı, **********3220 saylı, **********3214 saylı, xx.xx.2023-cü il tarixli **********4982 saylı, xx.xx.2023-cü il tarixli **********9268 saylı, xx.xx.2023-cü il tarixli **********2305 saylı gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən 64500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara 64500.00 ABŞ dolları ödəniş edilmiş və 64500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış məhsullar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 64500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 24 may 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürdükdən sonra 64500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların idxal edilməsi barədə gömrük bəyannamələrini təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar