Məhkəmə qərarları › İş №3(011)-4794/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4794/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4794/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsinin X1nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, BDYPİ X1 tərəfindən EQ 22791299 nömrəli inzibati protokol üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN BDYPİ X1 tərəfindən barəsində EQ22791299 nömrəli inzibati protokol və xx.xx.2024-cü il tarixli inzibati təhbeh qərarı tərtib olunmuşdur. Qərar belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində Ali Məhkəmənin qabağında avtomobilini yolunun ikinci və sonrakı cərgəsində saxladığı üçün İXM-nin 346.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində qanunsuz olaraq inzibati tənbeh növü tətbiq edilmişdir. Belə ki, inzibati xətanın baş verdiyi Xocalı prospekti küçəsi Ali Məhkəmənin qarşısından başlayaraq iki hərəkət zolağı ilə ayrılmışdır. Yəni yolda 3 hərəkət hissəsi (cərgəsi) mövcuddur. Bu zaman birinci cərgə yolun sağ tərəfində, ikinci cərgə yolun ortasında üçüncü cərgə isə sol tərəfində yerləşir. Avtomobil yolunun hərəkət hissəsinə (birinci cərgəyə) bitişik hissədə parklanma yeri yerləşir. Fotoşəkildən də görünür ki, avtomobil həmin parklanma sahəsinin qarşısında yolun hərəkət hissəsinin birinci cərgəsində durmuşdur. Qanuna əsasən bu hal park olunan avtomobillərin hərəkətinə maneə yaratdığı üçün İXM-nin 346-1.2 ci maddəsi ilə qanun pozuntusu sayılır. Şikayətin əsası da odur ki, o, məhz həmin maddə ilə tənbeh edilə bilərdi. Lakin, səhv olaraq barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol və qərar tərtib edilmişdir. Qeyd olunan maddə o halda tətbiq oluna bilərdi ki, o, avtomobili yolunun ortasında (ikinci cərgədə) və ya solunda (üçüncü cərgədə) saxlayardı. Əgər yolun birinci cərgəsinə bitişik hissədə parklanma olmasaydı ümumiyyətlə cərimə edilə bilməzdi. Çünki, həmin yerdə dayanma və durmanı qadağan edən yol nişanı mövcud olmadığı üçün yolun hərəkət hissəsinin birinci cərgəsində avtomobil dayana və ya dura bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi X3 məhkəməyə gəlməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçi X2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, şikayətçi X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesində nitq qüsurlu olduğu üçün iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 14:07-də “Mitsubishi Lancer minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozaraq yolun hərəkət hissəsinin kənarında ikinci cərgəsində dayanması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəməyə təqdim etdiyi fotoşəkillərə baxış keçirdikdə müəyyən olmuşdur ki, “Mitsubishi Lancer minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkət hissəsinin kənarında birinci cərgədə dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 14:07-də “Mitsubishi Lancer minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozaraq yolun hərəkət hissəsinin kənarında ikinci cərgəsində dayanması göstərilmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 05 avqsut 2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesb edir ki, X2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda onun xx.xx.2024-cü il tarixdə, saat 14:07-də “Mitsubishi Lancer minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanması göstərilsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin birinci cərgəsində dayanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin X1nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin X1nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar