Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-481/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs MMC barəsində (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev, ev Babək prospekti, 1131 məhəllə, Babək Plaza A blok 3-cü mərtəbə, 1№li sahə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC mülkiyyətində olan “ŞKODA KAROQ MİNİK” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə 10:27-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 05 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi şəxsin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb olunması və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunması nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə həmin orqana məlumat verilməmə faktı ilə əlaqələndirilir. İş materiallarında Şəxs MMC-yə mülkiyyətində olan “ŞKODA KAROQ MİNİK” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə 10:27-də kim tərəfindən idarə olunması haqqında sorğunun mətni əks olunsa da, həmin sorğunun Şəxs MMC-nin hüquqi ünvanına göndərilməsi və ya səlahiyyətli nümayəndəsinə rəsmi qaydada təqdim olunmasına dair sənədlər iş materiallarına əlavə edilməmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №3(011)-481/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-481/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver