Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4830/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş EQ 17888855 saylı qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində idarə etdiyi **-SU-*** dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobilini Dilarə Əliyeva küçəsində park etmişdir. xx.xx.2023-cü il tarixdə 346.1-ci maddə ilə cərimələnməsi barədə xəbər almışdır. Həmin yerdə 3.28 (durmaq qadağandır) nişanının təsir zonası idi və hesab edir ki, əlilliyi olduğuna görə həmin yerdə avtomobilini saxlamaq icazəlidir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, özü 3-cü qrup əlildir və bu səbəbdən də nəqliyyat vasitəsinin ön şüşəsində bunu göstərən nişanı yerləşdirmişdir. Ona 3.28 nişanının təsir zonasında durmaq qadağan olmadığına baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənlərə əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixində, saat 17:48-də Nəsimi rayonu, D.Əliyeva küçəsində “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə təqdim fotoşəkillərdən görünür ki, “Kia Picanto” minik markalı, **-SU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön şüşəsinə əlilliyi olan şəxsin tanınma nişanı yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 002882 nömrəli vəsiqədən görünür ki, X6 İİİ dərəcəli əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 nəqliyyat vasitəsilə dayanma və ya durma qaydalarını pozması göstərilmiş və o, Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən X4 xx.xx.2023-cü il tarixində, saat 17:48-də Nəsimi rayonu, D.Əliyeva küçəsində “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X6 izahat verərək bildirmişdir ki, özü 3-cü qrup əlildir və bu səbəbdən də nəqliyyat vasitəsinin ön şüşəsində bunu göstərən nişanı yerləşdirmişdir. Lakin buna baxmayaraq ona 3.28 nişanının təsir zonasında durmaq qadağan olmadığı halda barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinə əsasən 3.2, 3.28—3.30 qadağan nişanlarının qüvvəsi əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə şamil edilmir. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən və vəsiqədən görünür ki, X6 İİİ dərəcəli əlildir və onun idarə etdiyi “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön şüşəsinə əlilliyi olan şəxsin tanınma nişanı yerləşdirilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X4 əlil olması, onun idarə etdiyi nəqliyyat vasitəsində əlilliyi olan şəxsin tanınma nişanının yeləşdirilməsi və 3.2, 3.28—3.30 qadağan nişanlarının qüvvəsinin əlil şəxslərə şamil edilməməsi nəzərə alınmadan onun barəsində əsassız və qanunsuz olaraq xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti əsaslı olduğundan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4830/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4830/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver