Məhkəmə qərarları › İş №3(011)-4837/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4837/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4837/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 16 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, sonuncu dəfə 5-6 gün əvvəl narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Bu səbəbdən barəsində yüngül inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 iyul 2025-ci il tarixli MN saylı ******* nömrəli protokoldan aydın olur ki, Şəxs narkotik maddədən istifadə etdiyi məlum olmuş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; 16 iyul 2025-ci il tarixli, 1/7212 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində AMP (+), MET (+), THC (+), MOP (+) narkotik vasitə aşkar olunmuşdur; 16 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 15 iyul 2025-ci il tarixdə saat 00:45-də inzibati qaydada tutulmuşdur; Raportdan görünür ki, polis əməkdaşı xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən 1 nəfər şəxsin narkotik vasitədə istifadədə şübhəli olduğunu görmüş, həmin şəxsi 34-cü polis şöbəsinə təmin etmişlər. PŞ-də həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 3(011)-3272/2025 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 206-cı maddəsində təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə Şəxs hazırkı əməli təkrarən törətməsini onun məsuliyyətini ağırlaşdıran hal olaraq qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran hal kimi təkrar törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 16 iyul 2025-ci il tarixdən saat 00:45-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 iyul 2025-ci il tarixdən saat 00:45-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar