Məhkəmə qərarları › İş №3(011)-484/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-484/2024

10.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-484/2024 10.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin sahə inspektoru polis mayoru X3 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X4, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən mənzildə qardaşı Beyrək Məmmədovla söz mübahisəsi etmiş, daha sonra 102 xidmətinə mübahisə olduğu barədə məlumat verilmiş və hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə riayət edilmədiyi üçün Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin sahə inspektoru polis mayoru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, o, gecə vaxtı yaşadığı mənzildə qardaşı Beyrəklə mübahisə etmişdir və bu səbəbdən onun qeyri-rəsmi nikahda yaşadığı yoldaşı “102” xidmətinə zəng edərək polisə məlumat vermişdir. Polis əməkdaşları evə gəldikdə mənzilə ayaqqabı ilə daxil olduqları üçün o, onlara ayaqqabı ilə evə girməmələrini bildirmiş, bununla bağlı iradlarını bildirmişdir. Bundan sonra polis əmkdaşları ilə aralarında söz mübahisəsi düşmüşdür. Lakin o, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Hazırda o, öz səhvini başa düşmüş və törətdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin sahə inspektoru polis mayoru X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə S.Ə.Şirvani küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının üzərinə mətbəx bıçağı ilə hücüm çəkmişdir. Daha sonra Şəxs Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmiş, şəxsiyyəti müəyyən edilərək, barəsində qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, öldürülmə hədəsi ilə bağlı “102” xidmətinə məlumat daxil olmuşdur. O, digər polis əməkdaşı ilə birgə təcili hadisə yerinə getmişdir. Həmin ünvanda yerləşən binada səs-küy və mübahisə səsləri eşidilirdi. Məlum oldu ki, Şəxs evdə qardaşı ilə mübahisə etdiyinə görə birincinin qeyrirəsmi nikahda yaşadığı arvadı polisə şikayət etmişdir. Evə daxil olduqda Şəxs onların ayaqqabılarını soyunmaması ilə əlaqədar onlara irad bildirərək mübahisə etməyə başlamışdır. O, polis şöbəsinə getməkdən imtina etmişdir. Bıçaqla üzərinə hücum çəkməsə də bıcağın yerinə işarə edərək tabesizlik etməyə çalışmışdır. Daha sonra Şəxs Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmiş, şəxsiyyəti müəyyən edilərək, barəsində qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X1 Cəmil Məhərrəm oğlunun izahatının məzmununa uyğun izahat vermişdir və Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını bildirmişdir. Daha sonra Şəxs Xətai Rayon Polis İdarəsinin 34cü Polis Şöbəsinə gətirilmiş, şəxsiyyəti müəyyən edilərək, barəsində qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “102” məlumat mərkəzinə daxil olmuş şikayətlə bağlı ünvana gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar