Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4840/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5553/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə material ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati işə baxılması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir və bununla əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş elektron məhkəmə sistemindən əldə olunmuş çıxarışdan məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs faktiki ünvanı ünvan 1. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında inzibati xəta hadisəsinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, Nargilə kafesi, Mərkəz istiqaməti 1 ünvanında baş verdiyini əsas gətirərək Şəxs barəsində Nizami rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər” haqqında qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinı əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 21 fevral 2023-cü il tarixdə saat 14:34-də Xətai rayonu, 8 Noyabr prospekti, Nargilə kafesi, Mərkəz istiqaməti 1 ünvanında “Suzuki Vitara minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığından Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində xx.xx.2023-cü il tarixli, EQ seriyalı 15102551 saylı inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərara əsasən ona 10 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir, lakin qeyd olunan qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilmədiyinə görə cərimə məbləğinin üzərinə 6 manat dəbbə pulu hesablanmaqla, onun ödəməli olduğu məbləğ 16 manat təşkil etmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən məhkəməyə baxılması üçün təqdim edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol isə sürücü Şəxs tərəfindən yol hərəkəti qaydası əleyhinə olan inzibati xətanın törədilməsinə görə cərimə növündə tənbeh tədbiri tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyinə görə İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. Göründüyü kimi, məhkəmənin baxmalı olduğu inzibati xəta haqqında protokol üzrə törədilməsi ehtimal edilən xətanın törədildiyi yer Xətai rayonu, 8 Noyabr prospekti, Nargilə kafesi, Mərkəz istiqaməti 1 deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti hərəkətsizlikdə ifadə olunduğundan bu kateqoriya xətanın törədilməsi yeri xətanın subyektinin yaşadığı ünvandır. Hazırki iş materiallarından isə məlum olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nərimanov rayonunun inzibati ərazisində yerləşir. Bununla da, məhkəmə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5553/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Xətai rayonu, 8 Noyabr prospekti, Nargilə kafesi, Mərkəz istiqaməti 1 ünvanında törədilmiş inzibati xəta hadisəsinə artıq səlahiyyətli inzibati orqan olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən baxılaraq hüquqi qiymət verilərək inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Odur ki, hazırda məhkəmənin baxmalı olduğu xx.xx.2023cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə törədilməsi ehtimal edilən xətanın törədildiyi yer Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, köndələn 10 küçəsi, ev 1B, mənzil 23 ünvanı hesab edilir ki, Azərbaycan Respublikası 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə barəsində protokol tərtib edilmiş şəxsin yaşadığı yerin rayon məhkəməsində baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşayış yerinin Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, köndələn 10 küçəsi, ev 1B, mənzil 23 olduğunu, törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhəri, Xətai rayonu ərazisində törədilmədiyini, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxıldığını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması mümkünsüzdür. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında material məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4840/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4840/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver