Məhkəmə qərarları › İş №3(011)-4843/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4843/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4843/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 07 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bacısı X3 mülki öhdəlikdən yayındığı üçün polis əməkdaşı onun xəbəri olmadan bacısı və anasını polis bölməsinə dəvət etmiş, lakin bacısı qorxduğu üçün polis bölməsinə getməmişdir. Zəng edən polis əməkdaşı bacısına gəlməyəcəyi təqdirdə, polis avtomobili ilə gəlib onu 36-cı Polis Bölməsinə aparacaqlarını bildirmişdir. Ona sonradan bu barədə məlumat verilmiş və o, əsəbi halda iki dostunu götürərək bölməyə getmişdir. Bölmədə olan zaman ona işin halları izah edilmiş və ona hər şey aydın olmuşdur. Lakin polis bölməsinə yaxınlaşan zaman əsəbi olduğundan polis əməkdaşlarının onu sakitləşdirmək üçün göstərdikləri cəhdlərə məhəl qoymamışdır. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş, həmin protokolla razılaşmış və etdiyi xətanı etiraf etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X2 07 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə mülki öhdəliklərdən yayınan X3 ilə əlaqə saxlanılmış və o, bölməyə dəvət edilmişdir.Gövhərin qardaşı Şəxs onunla telefon əlaqəsi saxlayaraq bacısının polis bölməsinə dəvət olunması barədə soruşmuş və dəvət olunmasının səbəbi ona izah olunmuşdur. Daha sonra Şəxs 36-cı PB-nə gələrək onun xidməti otağına daxil olaraq kobud, aqressiv formada bacısı Gövhərin niyə polis bölməsinə çağırıldığını soruşmuşdur. Daha sonra Şəxs əlini masaya möhkəm çırparaq məsələyə onunla çöldə aydınlıq gətirmək üçün onu bölmədən bayıra çağırmışdır. O isə Şəxs təmkinli və sakit olmağa dəvət etsə də, həmin şəxs onun qanuni tələblərinə riayət etməmiş və ona təhqiramiz ifadələr işlətmiş, onu nalayiq ifadələrlə söymüş, sakitləşərək qanunsuz hərəkətlərinə son qoyulması həmin şəxsdən tələb edilsə də, göstərişlərə məhəl qoymayaraq daha da aqressivləşmişdir. Bu səbəbdən həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «07» dekabr 2022-ci il tarixdən saat 20:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «07» dekabr 2022-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar